Şanlı şəhadətin 221-ci ili!
İşğalçı Rusiya İmperiyası qarşısında baş əyməyən CAVAD XAN, düz 221 il bundan əvvəl, 1804-cü ilin bu günü, oğlu və minlərlə Gəncə sakini ilə birlikdə son damla qanınadək vuruşaraq şəhidlik zirvəsinə ucaldı.
Cavad Xan böyük imperiya ordusunun mühasirəsində bir aydan artıq qalaraq, Gəncəni işğalçılara təslim etməmək üçün son nəfəsinədək vuruşdu və qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid oldu.
Düşmən, Cavad xanın son məktubunda söz verdiyi kimi, yalnız onun meyidi üzərindən Gəncəyə daxil ola bildi...
Cavad Xan soykökünə layiq tərzdə, şanlı babalarımıza yaraşan şəkildə, əski türk adəti ilə əlində qılınc şəhidlik şərbətini içdi.
Rus arxiv mənbələrinə əsasən, Gəncə İç-Qalasının Tiflis qapısı istiqamətindən qala divarları üzərinə qalxmağı bacaran imperiya qoşunları ağır döyüşlərlə qalanın Qapı və Qafar bəy bürclərini götürəndən sonra, Hacıxan bürcünün üzərində müdafiə olunan Cavad Xanın və Gəncə döyüşçülərinin şiddətli müqavimətinə rast gəldi.
Döyüşün həlledici məqamında aralıdan atılan güllə düşmənə aman verməyən Cavad Xanın sinəsindən dəydi...
O ağır yaralansa da, dayanmadı, bürc üzərində olan böyük topun üstünə çıxdı və əlində qılınc düşmənlə vuruşmağa davam etdi.
Bu ölüm-dirim döyüşü əsnasında Cavad Xan daha bir neçə yara aldı.
Qala müdafiəçiləri Gəncə xanını vuran kapitan Kalovskini doğram-doğram etdilər, düşməni sıxışdırıb, yaralı xanlarını döyüşərək əhatəyə aldılar...
Son anlarını yaşayan Cavad Xan kəlmeyi-şəhadətini oxudu, gülümsəyərək gözlərini yumub, haqq dünyasına qovuşdu…
Cavad Xanın əyilməzliyi və şanlı şəhadəti, qəhrəmanlığı və azadlıq eşqi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi qədirbilən xalqımız tərəfindən əbədi anılacaq!
Cavad Xan öz şəhidliyi ilə gələcək nəsillərə Vətən və azadlıq uğrunda sonadək mübarizə aparmağın, ölümün gözünə dik baxmağın, ləyaqət və şərəfi hifz etməyin ən gözəl nümunələrini göstərdi, və xalqımıza bu əvəzsiz mənəvi-əxlaqi dəyərləri miras qoyaraq getdi!
Ruhu şad , məkanı cənnət olsun!
@ Patriot News. az