patriotnews.az
http://patriotnews.az

Göygöl rayonu tarixi abidələr diyarıdır

27-01-2025, 18:03 Baxılıb: 52

 

Əsrarəngiz gözəlliyə sahib olan Göygöl rayonu həm də tarixi abidələr diyarıdır. Burada hər addımda tarixin bir izi, bir yadigarı vardır. Tarixin nişanəsi olan möhtəşəm abidələrdən biri də Balçılı qalasıdır.
XI-XII əsrə aid olan möhtəşəm Balçılı qalası dəniz səviyyəsindən 1200-1300 metr yüksəklikdə, dağların qoynunda yerləşir. Düşmənlər üçün bura alınmaz hesab edildiyindən ona “Qız qalası” deyilib. Həmin dövrdə Gəncənin müdafiəsində mühüm rol oynamış bu qala möhtəşəmliyinə və böyüklüyünə görə Gəncə ətrafında olan digər qalalar arasında ən əzəmətli qala hesab oluna bilər. Onu uzaq məsafədən görmək mümkün deyildir. Çünki qala qayanın daşlarından yonularaq inşa edilmiş, buna görə də qaya ilə qalanın rəngi eyni olduğu üçün kənardan diqqəti cəlb etmir. Dağların zirvəsində yerləşən, əzəməti ilə seçilən qala erkən orta əsrlərdə müdafiə məqsədilə tikilib. Abidə Gəncə ilə yanaşı, eləcə də ətraf rayonların düşmən hücumundan qorunmasında mühüm rol oynamışdır. Bunu qalanın 4 bir tərəfində qaya daşları və çiy kərpicdən tikilən gözətçi məntəqələrindən də görmək mümkündür. Unikallığı ilə insanı heyrətləndirən memarlıq abidəsi 3 yarusludur. Tikintidə qayanın özündən və yerli materiallardan istifadə olunub. Ayrı-ayrı istiqamətlərdən girişi olan abidənin zaman keçdikcə müəyyən hissələri aşınaraq dağılıb. 
Qalanın ətrafında, dağın ətəyində təxminən 50 hektar sahədə əlavə qala divarı, qədim tikili qalıqları da mövcuddur. Ehtimal olunur ki, vaxtilə burada əsasən əkinçilik və sənətkarlıqla məşğul olmuş əhali məskunlaşmışdır. Həmin əhalinin ictimai binalarının qalıqları, istifadə etdikləri ocaq yerləri hazırda da qalmaqdadır. Bu da onu göstərir ki, Balçılı qalası həmin dövrün insanlarının qədim sığınacaq və müdafiə yeri olmuşdur. Qala özünün qədimliyi, möhtəşəmliyi, coğrafi mövqeyinə görə turizm üçün də əlverişli hesab edilir.    

 @ Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
1USD  1.7000
1EUR  1.9277
1GBP  2.2560
100RUB  2.0509
1TRY  0.0444