Gəncədə Şəhid Amal Əhmədovun Anım Günü qeyd olunub
Onun qəhrəmanlığı xalqın yaddaşında əbədi yaşayacaq
03 may 2025-ci il tarixində Gəncə şəhərində Vətən müharibəsi şəhidi Əhmədov Amal Rauf oğlunun anım günü ilə bağlı tədbir keçirilib. Anım mərasimi
03 may 2025-ci il tarixində Gəncə şəhərində Vətən müharibəsi şəhidi Əhmədov Amal Rauf oğlunun anım günü ilə bağlı tədbir keçirilib. Anım mərasimi Gəncə Şəhidlər Xiyabanında baş tutub. Tədbirdə şəhidin anası Mehriban Əhmədova, şəhid Rəşad Ələkbərovun anası qazı Nailə Ələkbərova, Gəncə Qazilər Birliyinin sədri Eyvaz Hüseynov, qazilər, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Mərasimdə şəhid Amal Əhmədovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca çıxışlar zamanı onun həyat və döyüş yolu, vətənə olan sevgisi, göstərdiyi igidlik nümunələri qeyd edilib.
Şəhidin anası Mehriban Əhmədova çıxışında oğlunun uşaqlıqdan vətənpərvər ruhda böyüdüyünü, hər zaman xalqına və dövlətinə sadiq olduğunu bildirib:
“Oğlum Amal Vətən üçün döyüşməkdən, onun uğrunda canını verməkdən çəkinmədi. Mən onunla qürur duyuram.”
Gəncə Qarabağ qaziləri Birliyinin sədri Eyvaz Hüseynov çıxışında bildirib ki, Amal Əhmədov kimi qəhrəmanların xatirəsi daim yaşadılmalı, onların ruhu gənclərə örnək olmalıdır. Birliyin ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Ceyhun Əliyev isə şəhidin döyüş yoluna işıq salaraq onun xüsusi rəşadətindən danışıb.
Tədbirdə Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Regional Kollecinin direktoru Xoşqədəm Xudiyeva da çıxış edib. O, kollektiv adından şəhidin ailəsinə ehtiramını bildirib və Amal Əhmədovun adını daşıyan xatirə auditoriyasının kollecdə yaradıldığını qeyd edib.
Mərasimin sonunda şəhidin ruhuna dualar oxunub və onun xatirəsinə ehsan süfrəsi təşkil olunub.
Şəhid Amal Əhmədov – Vətən Müharibəsinin İgid Əsgəri
Əhmədov Amal Rauf oğlu 3 may 1996-cı ildə Rusiya Federasiyasının Tver şəhərində dünyaya gəlmişdir. Ailəsi ilə birlikdə Azərbaycana – Gəncə şəhərinə qayıtmış, burada təhsil almışdır. 2002-ci ildə Cəfər Cabbarlı adına 6 nömrəli məktəbin birinci sinfinə daxil olmuş, 2013-cü ildə məktəbi bitirmişdir.
Daha sonra Gəncə Dövlət Regional Kollecinin “Nəqliyyatda daşımaların təşkili” ixtisasına daxil olmuş, lakin 2014-cü ildə təhsilini müvəqqəti dayandıraraq hərbi xidmətə yollanmışdır. O, Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmiş, sonra isə təhsilini tamamlayaraq 2019-cu ildə kolleci bitirmişdir.
2020-ci ilin sentyabrında orduya təlimlərə çağırılan Amal, elə həmin ilin 27 sentyabr tarixində başlanan Vətən Müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanmışdır. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında döyüşlərdə fəal iştirak etmiş, xüsusilə Ağoğlan (keçmiş Hadrut) qəsəbəsinin azad olunmasında rəşadətlə vuruşmuşdur.
O, 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və 19 oktyabrda Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Əhmədov Amal Rauf oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Onun xatirəsi daim yaşayacaq, qəhrəmanlığı gələcək nəsillərə örnək olacaqdır.
PS: Əkbərova Gülbəniz Aslanqızı, Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə uzun illərdir ingilis dili müəllimi kimi çalışır. Onun təşəbbüsü ilə şəhid Əhmədov Amal Rauf oğlunun xatirəsinə həsr olunmuş xüsusi ingilis dili auditoriyası yaradılmışdır. Bu auditoriya kiçik muzey funksiyası daşıyır – burada şəhidin həyat və qəhrəmanlıq yolunu əks etdirən fotolar, video materiallar və plakatlar nümayiş olunur. Gülbəniz müəllimə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl fəaliyyət göstərir və bu istiqamətdə nümunəvi təşəbbüslərlə çıxış edir.
Müəllif: Ceyhun Əliyev