Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Moskva paradına qatılacaq hərbi qulluqçularla görüşüb
Bu gün Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, İkinci Dünya Müharibəsində Sovet xalqının qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli paradda iştirak etmək üçün Moskvaya gəlmiş Azərbaycan Silahlı Qüvvələrinin komando briqadasının zabit və əsgərləri ilə görüşüb.
Səfir çıxışında 9 May – Qələbə Gününün əhəmiyyətinə toxunaraq, bu tarixdə 300 mindən çox azərbaycanlının gələcək nəsillərin azad və dinc həyatı uğrunda həyatını qurban verdiyini xatırladıb. O, Sovet Azərbaycanının ümumi qələbəyə verdiyi töhfədən, həmçinin Azərbaycan ilə Rusiya arasında müttəfiqlik əməkdaşlığının inkişafından bəhs edib.
Rəhman Mustafayev qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbədən sonra ilk dəfədir ki, Azərbaycan hərbçiləri Moskvanın Qızıl Meydanında parad sırasında yer alacaq.
“Bu əlamətdar gündə məhz sizə Azərbaycanın Qələbə bayrağını Moskvanın mərkəzi meydanında dalğalandırmaq və bütün dünyaya Azərbaycan xalqının rəşadətini, dözümlülüyünü və qətiyyətini nümayiş etdirmək şərəfi nəsib olub. Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təmin edib,” – deyə səfir Mustafayev çıxışının sonunda vurğulayıb.