Fransalı nazir: 2024-cü ildə ölkədə doqquz terror aktının qarşısı alınıb
Bu barədə Fransanın daxili işlər naziri Bruno Retayo “Le Parisien” qəzetinə müsahibəsində bildirib.
"Təhlükə heç vaxt bu qədər real olmayıb. 2024-cü ildə xüsusi xidmət orqanlarımız ölkə ərazisində islamçılar tərəfindən törədilməsi planlaşdırılan ən azı doqquz terror aktının qarşısını alıb, onlardan üçünün bilavasitə Olimpiya Oyunları zamanı törədilməsi nəzərdə tutulmuşdu. Bu, 2017-ci ildən bəri qarşısı alınan terror aktları üzrə ən yüksək göstəricidir", - o qeyd edib.
Nazir radikal islamçılara qarşı mübarizəni sərtləşdirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu kontekstdə terrorla bağlı maddələrlə cəza çəkdikdən sonra azadlığa çıxan vətəndaşlar böyük təhlükə yaradır: "2024-cü ildə belə şəxslərin sayı 84 nəfər olub, 2025-ci ildə isə 60-dan çox olacağı gözlənilir".
B.Retayo onların radikal ideyalardan imtina etdiyinə inanmadığını vurğulayıb və bu şəxslərin fərdi müşahidə altında saxlanılacağına söz verib.