Göygöl rayonunda növbəti “Əmək Yarmarkası” keçirilib
Patriot News.az xəbər verir ki , Göygöl Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyi Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Göygöl rayon Gənclər Evində keçirilən “Əmək Yarmarkası”nda Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, işəgötürənlər və işaxtaranlar iştirak ediblər.
Tədbirin açılış hissəsində Arzu Qocayev çıxış edərək qeyd edib ki, əmək yarmarkaları işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə də işə düzəlmələrinə köməklik məqsədilə həyata keçirilir və yarmarkada iştirak etməklə vətəndaşların həm karyera imkanları, əmək bazarı, peşələr haqqında məlumatlar əldə etmək, həm də aktiv məşğulluq tədbirlərinə müraciət etmək şansı yaranır.
Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov çıxışında filial tərəfindən Gəncə-Daşkəsən iqtisadi rayonunda, o cümlədən Göygöl rayonunda həyata keçirilmiş məşğulluq tədbirləri haqqında məlumat verib.
Sonra işəgötürənlər tərəfindən müxtəlif istiqamətlərdə 12 müəssisə üzrə 120 vakansiya təqdim edilib, müvafiq vakansiyalara dair tələblər işsiz və işaxtaran şəxslərin diqqətinə çatdırılıb. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.