Gəncə şəhərində Süni Göldə Təmir İşləri Başa Çatdı
Gəncə, 17 iyun 2025 — Gəncə şəhər Heydər Əliyev park kompleksinin ərazisində yerləşən Süni göldə aparılan təmir-bərpa işləri uğurla yekunlaşdırılıb. Bu gün gölə yoxlanış məqsədilə su buraxılıb.
Layihənin məqsədi gölün texniki vəziyyətini yaxşılaşdırmaq, ətraf mühitin qorunmasına töhfə vermək və istirahət üçün daha əlverişli şərait yaratmaq olub. Aparılan işlər çərçivəsində gölün dibinin təmizlənməsi, suyun sızmasının qarşısını alan izolyasiya qatının yenilənməsi, sahilboyu infrastrukturun bərpası və estetik görkəminin yaxşılaşdırılması həyata keçirilib.
Gölə buraxılan suyun səviyyəsi və keyfiyyəti müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılır. İlk yoxlamalara əsasən, göl sistemi normal rejimdə fəaliyyət göstərir və təmirin nəticələri müsbət qiymətləndirilir.
Qeyd edək ki, Heydər Əliyev park kompleksi Gəncə sakinlərinin və şəhərin qonaqlarının ən çox üz tutduğu istirahət məkanlarından biridir. Süni gölün yenidən istifadəyə verilməsi ilə parkın rekreasiya imkanlarının daha da genişlənəcəyi gözlənilir.
Şəhər rəhbərliyi yaxın günlərdə göl ətrafında əlavə abadlaşdırma və yaşıllaşdırma işlərinin də aparılacağını bildirib.
Ceyhun Əliyev