“Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsi çərçivəsində növbəti tədbir YAP Qəbələ rayon təşkilatında keçirildi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin növbəti tədbiri YAP Qəbələ rayon təşkilatında baş tutub. Üç ay müddətində icra olunan layihənin rəhbəri Büllur Məmmədovadır.
Layihə çərçivəsində gənclər arasında narkotik vasitələrin istifadəsinin artması ilə bağlı narahatlıqlar ön plana çəkilərək, bu maddələrin yaratdığı fiziki, psixoloji və sosial təhlükələr barədə maarifləndirmə işləri aparılır. Gənclərə narkotiklərdən uzaq durmağın yolları, sağlam həyat tərzinin üstünlükləri və düzgün istiqamət seçiminin əhəmiyyəti barədə geniş məlumat təqdim olunur.
Müzakirələr zamanı yaradıcı sənayelərin gənclərin inkişafında və zərərli vərdişlərdən uzaq qalmasında oynadığı rol xüsusi vurğulanıb. Tədbirdə iştirak edən gənclərə bu sahədə mövcud imkanlar və onların şəxsi inkişafları üçün yarada biləcəyi perspektivlər barədə məlumat verilib.