patriotnews.az
http://patriotnews.az

Moskvada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının ofisində azərbaycandan Olimpiadaya gələn tələbələrlə görüş keçirilib

Dünən, 18:19 Baxılıb: 122

 
Mayın 20-də Moskvada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının ofisində Azərbaycan Respublikasını III Beynəlxalq Tələbə Statistika Olimpiadası-Festivalında təmsil edən tələbələrlə görüş keçirilib. Sözügedən olimpiada Rusiya Federasiyasının G.V. Plehanov adına İqtisad Universitetində təşkil olunur.

Olimpiadanın əsas məqsədi statistikanın təbliği, tələbələrin elmi və praktiki problemlərin həllinə cəlb olunması, mütəxəssis hazırlığının keyfiyyətinin artırılması, elmi-tədqiqat, layihə və sahibkarlıq fəaliyyətlərinin təşviq olunmasıdır. Həmçinin, istedadlı gənclərin aşkarlanması, onların elmi yaradıcılıqlarının stimullaşdırılması və yeni ideyaların reallaşdırılmasına dəstək verilməsi də əsas hədəflər sırasındadır.

Olimpiadada MDB və yaxın xarici ölkələrdən olan, iqtisadi ixtisaslar üzrə təhsil alan III-V kurs və magistratura tələbələri iştirak edir. Seçim mərhələsində onlayn testlər və elmi məruzə müsabiqəsi keçirilir. Tələbələrin təqdim etdiyi məruzələr ali məktəb müəllimləri və Rusiya Dövlət Statistika Xidmətinin mütəxəssisləri tərəfindən qiymətləndirilir. Olimpiadanın sonunda iştirakçıların məruzələrindən ibarət toplu nəşr ediləcək, bütün iştirakçılar sertifikatla, qaliblər isə qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Görüş zamanı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov komandanın rəhbəri – Bakı Dövlət Universitetinin İqtisadi Kibernetika kafedrasının müdiri, dosent Fərhad Mirzəyevi və iştirakçı tələbələri – Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin III kurs tələbəsi Azad Əşurovu, Azərbaycan Dövlət Texniki Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin III kurs tələbəsi Esmər Talışxanlını, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti İqtisadiyyatı fakültəsinin IV kurs tələbəsi Məlak Hüseynlini salamlayıb.

Bəxtiyar Həsənov tədbir zamanı təşkilatın fəaliyyəti və Moskvadakı ali təhsil ocaqlarında keçirilmiş layihələr haqqında məlumat verib. O, tələbələrə uğurlar, olimpiadada qələbə və Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında müvəffəqiyyətlər arzulayıb. Görüşdə həmçinin təşkilatın Qadınlar Birliyinin fəal üzvləri – Leyla Fərəcova, Afaq Şıxlı və digər mədəniyyət fəalları da iştirak ediblər.

Komanda rəhbəri Fərhad Mirzəyev olimpiadanın birinci mərhələsi, qarşıdakı ikinci tur və Azərbaycanda, xüsusilə də Bakı Dövlət Universitetində istedadlı gənclərə göstərilən dövlət dəstəyi barədə danışıb.

Tələbələr isə özləri və təhsil aldıqları universitetlər haqqında ətraflı məlumat verərək birinci turun tapşırıqları və rusiyalı tələbələrlə qurduqları dostluqlar haqqında təəssüratlarını bölüşüblər.

Görüş səmimi şəraitdə, ənənəvi Azərbaycan şirniyyatları və çay süfrəsi arxasında davam edib. Sonda tələbələr Bəxtiyar Həsənovu universitetlərinə dəvət edərək həm istedadlı tələbələrlə, həm də yüksək ixtisaslı müəllim heyəti ilə tanış olmağı arzuladıqlarını bildiriblər.

@Patriot News.az

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031