Bu il TDT-yə üzv dövlətlərin müdafiə sənayesi institutlarının rəhbərlərinin ilk görüşü keçiriləcək
Bunu "Report"a müsahibəsində TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin iyul ayında IDEF-2025 sərgisi çərçivəsində üzv dövlətlərin müdafiə sənayesi institutlarının rəhbərlərinin ilk görüşünün keçirilməsi planlaşdırılır:
"Bu tədbir çoxtərəfli müdafiə sənayesi əməkdaşlığına başlamaq baxımından mühüm bir addım olacaq. Bunun ardınca Türk dövlətlərinin müdafiə nazirlərinin ilk görüşünün təşkilinə hazırlıq işləri başlayacaq".
Baş katib onu da qeyd edib ki, TDT-nin 2022–2026-cı illər üzrə Strategiya sənədi də müdafiə sahəsində əməkdaşlıq üçün aydın məqsədləri müəyyən edir:
"Bu sənəddə müvafiq milli qurumlar və müdafiə sənayesi təşkilatları arasında texniki əməkdaşlığın gücləndirilməsi, hərbi innovasiya, müdafiə texnologiyaları və aviasiya sahələrində məlumat və təcrübə mübadiləsi mexanizmlərinin qurulması tövsiyə olunur".
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.