"Qarabağdan gələn soraq" və "Qarabağ qartalları" kitablarının Gəncədə təqdimat mərasimi keçirildi
15 may 2025-ci il tarixində Qarabağ qaziləri İctimai Birliyinin Gəncə filialının ofisində yazıçı, AYB və AJB-nin üzvü, 24 kitab müəllifi Raziyə Kamilqızının "Qarabağdan gələn soraq" və "Qarabağ qartalları" kitablarının təntənəli təqdimat mərasimi keçirilib.
Patriot News . az saytının müxbiri Fərman Əliyev məlumat verir ki , tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Şəhidlər Xiyabanını ziyarət edən qonaqlar torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək ruhlarına dualar oxuyublar.
Təqdimat mərasimini Qarabağ qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov açaraq iştirakçıları salamlayıb. O, belə tədbirlərin milli ruhun, vətənpərvərlik ideallarının gənc nəslə aşılanması baxımından mühüm rol oynadığını bildirib və Raziyə Kamilqızının yaradıcılığının bu istiqamətdə önəmli töhfələr verdiyini vurğulayıb.
Tədbirin moderatoru, Qarabağ qaziləri İctimai Birliyinin Gəncə filialının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Ceyhun Əliyev mərasimi rəsmi olaraq açıq elan edib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə yazıçı Raziyə Kamilqızına söz verilib. O, yeni nəşr olunmuş "Qarabağdan gələn soraq" və "Qarabağ qartalları" kitablarının ideya və yaranma tarixindən danışaraq bildirib ki, bu əsərlər Qarabağ müharibəsində qəhrəmanlıq göstərən igid oğullarımızın şərəfli həyat yoluna həsr olunub. Müəllif tədbirə qatılan hər kəsə dərin təşəkkürünü bildirib və oxuculara Vətən tarixini unutmamağı, gələcək nəsillərə ötürməyi tövsiyə edib.
Yazıçı tədbir çərçivəsində Qarabağ qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynova “Qarabağ Azərbaycandır” yazılı təsbih lövhəsi hədiyyə edib. Bu hədiyyə tədbirə xüsusi rəmzi məna qatıb və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirdə həmçinin tanınmış xeyriyyəçi, ictimai xadim Leyla Əhmədova da çıxış edərək, müəllifin yaradıcılığına yüksək qiymət verib. O qeyd edib ki, bu cür vətənpərvər ruhlu əsərlər müasir Azərbaycan ədəbiyyatında milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır və oxucularda vətən sevgisini daha da gücləndirir.
Əlavə olaraq, tədbirdə şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Onların iştirakı mərasimə xüsusi mənəvi dəyər qatıb, təqdim olunan kitabların məhz bu insanların keçdiyi şərəfli həyat yolunun bir aynası olduğu bir daha vurğulanıb. Tədbir boyu şəhid ailələri və qazilər duyğulu anlar yaşayıb, müəllifə və təşkilatçılara təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda iştirakçılara müəllif tərəfindən kitablar hədiyyə olunub, xatirə şəkilləri çəkilib və səmimi görüş çay süfrəsi ətrafında davam etdirilib.
Bu təqdimat bir daha sübut etdi ki, Qarabağ uğrunda aparılan mübarizənin qəhrəmanları xalqımızın yaddaşında əbədi yaşayacaq və bu ruh gələcək nəsillərə ədəbiyyat vasitəsilə ötürüləcəkdir.
Müəllif: Fərman Əliyev