Azərbaycan və İran Araz Çayının Su və Energetika Ehtiyatlarından Birgə İstifadə üzrə Protokol İmzalandı
Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 54-cü iclası Bakı şəhərində baş tutdu. Görüş Azərbaycan tərəfindən Komissiyanın həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Zakir Quliyevin rəhbərliyi ilə keçirildi. İclasda Agentliyin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri iştirak etdilər.
Patriot News.az xəbər verir ki, tərəflər Araz su anbarının iş rejimini, iki ölkə arasında su bölgüsünü və Araz çayında su və energetika ehtiyatlarının birgə istifadəsi ilə bağlı bölgü cədvəllərini müzakirə etdilər. Görüşün yekununda su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlığı möhkəmləndirmək məqsədilə protokol imzalandı. Bu sənəd iki ölkənin qarşılıqlı əməkdaşlığını və Araz çayının resurslarının səmərəli istifadəsini təmin etməyə xidmət edəcək.