patriotnews.az
http://patriotnews.az

İstanbulda nəticəsiz daha bir görüş - Rusiyanın atəşi kəsməmək üçün memorandumu - ŞƏRH

3-06-2025, 17:15 Baxılıb: 2

İstanbulda nəticəsiz daha bir görüş - Rusiyanın atəşi kəsməmək üçün memorandumu - ŞƏRH

 
Rusiya ilə Ukrayna nümayəndələri arasında iyunun 2-də İstanbulda daha bir görüş keçirildi.

Görüşdən bir gün öncə Kursk vilayətində yük qatarı keçən zaman körpü uçub. Qatar avtomobil yolunda düşüb. Nəticədə 300-dən çox insanın ölüm fakti təsdiqini tapıb.

Bundan bir az əvvəl isə Bryansk vilayətində nəqliyyat körpüsü uçub. Bu hadisə nəticəsində də ölənlər və yaralananlar olub. Rusiya rəsmiləri hər iki hadisəni Ukraynanın törətdiyini iddia edir.

Görüşdən bir gün öncə iki körpünün partlaması, yaxud partladılmasını Kiyevin Moskvaya, yaxud bu hadisəni törədənlərin Kremlə bir ismarışı da sayıla bilər. Olaylara bir qədər bədii rəng qatılsa, onu belə ifadə etmək olar: Rusiya ilə Ukrayna arasında körpülər yandı.

Danışıqlardan bir gün əvvəl Ukrayna Rusiyanın Amur, İvanovo, İrkutsk, Murmansk və Ryazan vilayətlərindəki beş aerodromuna hücum etmişdi. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, üç vilayətdə Ukrayna dronlarının hücumlarını dəf etmək mümkün olsa da, İrkutsk və Murmansk vilayətlərində zərbələr bir neçə təyyarənin yanması ilə nəticələnib. Ukrayna tərəfi isə 40-dan çox Rusiya təyyarəsinin sarıdan çıxarıldığını iddia edirdi.


Bəzi mənbələri bu hücumlar nəticəsində Rusiyaya yeddi milyard dollar məbləğində maliyyə ziyanı vurulduğunu iddia edib.

Partlayışdan sonra Rusiya nümayəndə heyətinin İstanbula görüşə getməyəcəyi ehtimal edilirdi. Ancaq bu olmadı. Moskva görüşə təmsilçilərinin göndərməklə özünü daha çox sülhsevər göstərməyə cəhd edib, sanki belə bir ismarış göndərib: “Körpülər yandırılsa da, biz danışıqların tərəfdarıyıq”.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini (sədri Prezident Vladimir Putindir-red.) Dmitri Medvedev vəd edib ki, bu “diversiyanın qisası” mütləq alınacaq: “Partlamalı olan hər şey mütləq partladılacaq”.

İstanbuldakı ikinci raunddan əvvəl Qərb də Rusiyaya sürpriz etdi. Almaniya Kansleri Fridrix Merts Böyük Britaniya, Fransa, Almaniya və ABŞ-nin Ukraynaya tədarük etdikləri silahların uzaq mənzilli olmasına dair məhdudiyyətləri aradan qaldırdığını bildirib. Onun sözlərinə görə, bu o deməkdir ki, Kiyev indi “məsələn, Rusiyadakı hərbi obyektlərə hücum etməklə müdafiə oluna bilər”.

Kansler ABŞ-nin Kiyevə ATACMS raketləri, Böyük Britaniyanın “Storm Shadow” və Fransanın SCALP raketləri tədarük etdiklərini vurğulayıb.


Yeri gəlmişkən, o, Almaniya hökumətinin ovaxtkı başçısı Olaf Şoltsu kansler olmazdan öncə Ukraynaya “Taurus” qanadlı raketlərin tədarükünə çağırmışdı. Bu günlərdə isə Fridrix Merts Berlinin Kiyevə uzaq mənzilli Taurus raketlərini tədarük etməyə hazır olduqlarını bildirmişdi.

Bu raketlər 500 km-dək radiusda olan hədəfləri vura bilir. Bu isə Ukraynanın bu raketlə Rusiyanın Moskva da daxil olmaqla Avropa hissəsindəki şəhərlərə etmək imkanlarını artırır.

Körpülərin partladılması, Ukraynaya uzaq mənzilli raketlərdən istifadə etməsinə icazə verilməsi və başqa bu kimi addımları Rusiyaya qarşısı danışıqlar öncəsi çəkindirici tədbirlər kimi də saymaq olar.

Rusiya görüşə Ukraynanın ərazi bütövlüyü və suverenliyi baxımından qəbul edilməsi demək olar ki, mümkün olmayan təkliflər paketi ilə gəlmişdi. Moskva təmsilçilərinin təqdim etdiyi memorandumda Krım, Luqansk, Donetsk, Zaporojye, Xerson vilayətlərinin RF-nin “tərkibinə daxil olmasının beynəlxalq ictimaiyyət tərəfindən hüquqi cəhətdən tanınması”, həmin ərazilərdən Ukrayna Silahlı Qüvvələri bölmələrinin və başqa hərbiləşdirilmiş birləşmələrin tam çıxarılması, Ukraynanın tərəfsizliyi, hərbi ittifaqlara və koalisiyalara qoşulmaqdan imtina etməsi, həmçinin üçüncü dövlətlərin Ukrayna ərazisində hər hansı hərbi fəaliyyəti göstərməməsi, xarici silahlı birləşmələrin, hərbi bazaların və hərbi infrastrukturun yerləşdirilməsinin yasaqlanması nəzərdə tutulur. Onların təkliflərini dəyərləndirsək, belə qənaətə gəlmək olar ki, Rusiya sülh imzalamamaq üçün memorandum hazırlayıb.

Çünki bu paketdə Ukraynanın bütün hədəflərinə maneələr qoyulur. Bu azmış kimi rəsmi Kiyevdən ölkənin ərazi bütövlüyünün pozulması ilə barışmaq tələb olunur.


Ukrayna da beş bölmədə ibarət təkliflər təqdim edib. Rəsmi Kiyev quruda, havada və suda bütün istiqamətdə atəşkəs rejimin tətbiq edilməsini, bütün "deportasiya edilmiş və qanunsuz çıxarılmış" ukraynalı uşaqların şərtsiz qaytarılması, "hamının hamıya" formulu üzrə məhbusların mübadiləsi, Rusiyanın bütün mülki girovları azad etməsi kimi məsələlər nəzərdə tutulub.

Bundan başqa sənəddə Ukraynanın neytral statusa məcbur edilməyəcəyi, onun Avroatlantik ictimaiyyətin bir hissəsi olmaq istəyi, hədəfi, Avropa İttifaqına üzvlüyə can atmasına məhdudiyyət qoyulmayacaq.

Rusiya nümayəndə heyətinin başçısı Putinin köməkçisi Medinski bildirib ki, Ukraynaya özlərini normal aparan valideynlərin uşaqlarını qaytaracaqlar. O, ukraynalı uşaqların qaytarılması tələbinə sərt mövqe açıqlayaraq deyib: “Uşaqsız avropalı qoca, yaşlılar üçün tamaşa düzəltməyin”.

Rusiya nümayəndə heyətinə başçılıq edən Medinskinin ukraynalı həmkarları ilə daha hikkəli və sərt danışdığı da məlum olub.

Ukrayna Prezdenti Volodimir Zelenski isə bildirib ki, RF nümayəndə heyəti bir az daha sakitləşsə də, bununla belə hələ də həyasızcasına davranır: “Bəlkə də daha onların özlərini insan kimi aparmaları üçün daha bir neçə tədbir keçirmək lazımdır”.

Medinski Rusiyanın Ukraynaya cəbhənin ayrı-ayrı sahələrində iki-üç günlük "konkret atəşkəs" təklif etdiyini bildirib.

Zelenskinun bu təklifə cavabı isə belə olub: “Axmaqlar”.

Beləliklə, ötən görüşdə olduğu kimi bu dəfə də tərəflər humanitar məsələdə razılığa gəliblər. Onlar ən böyük əsir mübadiləsi barədə razılaşıblar: “Bütün ağır yaralı və ağır xəstələr “hamını hamıya” formulu ilə mübadiləsi reallaşacaq. Bu formula ilə gənc əsgərlərin də dəyişdirilməsi nəzərdə tutulub”.


Onların sayı min nəfərdən az olmayacaq. Rusiya valideynləri və ya qanuni nümayəndələri olan uşaqları Ukraynaya qaytaracaq. 2024-ci il üçün deportasiya edilmiş uşaqların dəqiq sayı məlum deyil, ancaq Ukraynanın qiymətləndirmələrinə görə, hadisələr zamanı Rusiya azı 19 484 Ukrayna vətəndaşı olan uşağı qanunsuz olaraq RF-yə aparıb.

2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən BCM prokuroru Karim Xanın sorğusu əsasında Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün order verilib. Ona qarşı hərbi cinayət - Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz olaraq Rusiyaya deportasiyası ittihamı irəli sürülüb. Rusiya Prezidenti isə ona qarşı irəli sürülən ittihamları rədd edir.

RF nümayəndə heyətinə Vladimir Medinski başçılıq etdiyindən görüşün yenə uğursuz olacağını ehtimal etmək olardı. Hələ 2022-ci ilin martında İstanbulda keçirilmiş görüşə də o rəhbərlik etmişdi. Onun Rusiya hakimiyyətinin mövqeyini təmsil etdiyi bir reallıqdır. Ancaq o da bir həqiqətdir ki, Moskvanı Medinski daha yaxşı təmsil edir. Başqa sözlə, o Rusiya hakimiyyətində müharibə partiyasının ən bariz nümayəndəsi, ideoloqlarındandır.

Bu raundun uğursuzla yekunlaşacağını ehtimal etməyə əsas verən səbəblərdən biri də Moskvanın Ukraynaya qarşı ərzi iddiası ilə başlayan memorandumdur. Başqa sözlə, Moskvanın Ukrayna ilə müharibəyə, onun ərazisi ilə bağlı məsələyə mövqeyi faktiki olaraq dəyişməyib. Bu isə Rusiyanın atəşkəs istəmədiyini göstərir. O, beynəlxalq ictimaiyyətə özünü sülhsevər, danışıqlara hazır kimi göstərir. Bununla həm də bildirir ki, qarşı tərəfin və onu müdafiə edənlərin irəli sürdüyü sülh müqaviləsini öz şərtləri daxilində imzalamağa hazırdır.


Rusiyanın davranışı, iddiası və sülhsevər adlandırdığı siyasəti, bu istiqamətdə apardığı təbliğat onun hələ müharibəni davam etdirmək niyyətindən xəbər verir.

Eyni zamanda Moskva bu davranışı ilə göstərir ki, bu savaşı aparmağa hələ gücü var. Ona bu gücü verən isə təbii ki, Avropa ölkələri ilə iqtisadi-ticarət əlaqələri nəticəsində əldə etdikləri gəlirdir. BBC-nin hesablamasına əsasən, müharibə dövründə Rusiya karbohidrogenlərin ixracından Ukraynanın müttəfiqlərindən aldığı yardımdan üç dəfə çox qazanıb. 2022-ci ilin fevralından bəri RF Federasiyası fosil yanacaqların (neft, daş kömür) ixracından 883 milyard avrodan çox qazanıb, bunun 228 milyard avrosu sanksiya tətbiq edən ölkələrdən, o cümlədən 209 milyard avrosu Avropa İttifaqından gəlib. Eyni dövrdə Ukrayna 309 milyard avro yardım alıb, bunun 73 milyard avrosu Avropa İttifaqından verilib.

Deməli, Rusiyanın gerçək sülhsevər addım atması üçün Qərb dövlətləri onu bu kimi gəlirlərdən də mərhum etməlidirlər. Hər bir halda yaxın aylarda Rusiya iqtisadiyyatında sanksiyaların zərbəsinin hiss olunacağı ehtimal edilir.

Digər tərəfdən müharibə oyunundan çıxmaq Rusiya hakimiyyətində ciddi qarışıqlıq yarada bilər, çünki ölkə vətəndaşları bu prosesin nə ilə bitəcəyini, onun sonunun olacağını gözlədiyi üçün hadisələrə səbirlə yanaşır. Ancaq iqtisadiyyat çökəndən, yaxud zəifləyəndən sonra Rusiya keçmiş SSRİ-yə oxşayacaq. Bu arada Çinin də ona verdiyi dəstəyi dayandıracağı istisna edilmir. Nə qədər avtoritar rejimin idarəçiliyi altında olsa belə şimali koreyalılar da əsgərlərinin onlara aidiyyəti olmayan torpaqlarda döyüşüb, ölməsinə etiraz edə bilər. Bu halda Rusiyanın bu savaşı biraz da uzada biləcəyi mümkün görünmür. Danışıqların gələcəyinə gəldikdə isə son günlər baş verənlər – körpülərin partladılması, hərbi aerodromlara hücum, uzaqmənzilli raketlərlə bağlı Ukraynaya qoyulmuş qadağanın götürülməsi Moskvaya daha böyük sürprizlərin hazırlandığından xəbər verir. Bu baxımdan qarşıdan gələn aylarda Rusiya müharibəni öz ərazilərində daha çox hiss edə bilər.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30