Rusca danışmaq istəməyən NATO üzvləri – artan hərbi xərclər - ŞƏRH
Sovetlərin dağılandan sonra Qərb böyük təhlükə və təhdid mənbəyinin də zərərsizləşdirdiyini zənn edirdi. Hətta, 2002-ci il mayın 28-də Rusiya-NATO Şurası təsis edilmişdi. Bu RF ilə NATO-ya üzv dövlətləri arasında əməkdaşlığın inkişafı və hərbi-siyasi fəaliyyətlərin koordinasiyası üçün əsas struktur və forumdur.
Saziş bağlandığı zaman iştirakçılar elə düşünürdü ki, “soyuq müharibə”yə son qoyulub və tərəflər bir-birini müharibə ilə hədələməyəcək.
Fəaliyyətə başlayandan sonra 6 il ərzində Şura NATO və Rusiyanın beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin koordinasiya olunmasına yardım etmişdi. Ancaq 2008-ci ilin avqustunda Rusiya və Gürcüstan arasında müharibədən sonra NATO ölkələri Rusiyaya qarşı məhdudlaşdırıcı tədbir kimi Şuranın işini dayandırdılar. 2014-cü ildə isə Rusiyanın Krımı ilhaq etməsindən və Ukraynanın şərqindəki müharibədən sonra Şura, eləcə də Rusiya ilə NATO arasında uzunmüddətli tərəfdaşlıq ideyasının hamısı qeyri-müəyyən müddətə dayandırılmışdı.
2017-ci ilin fevralında Suriya və İraqda uzun sürən müharibə fonunda, Rusiya ilə NATO arasında hərbi-siyasi əlaqələr bərpa edildi, ancaq 2018-ci ildə yenidən münasibətlər dondurulub.
Rusiya Ukraynaya qarşı aşkar müharibəyə başlayandan sonra Qərbin, həm də NATO-nun ənənəvi SSRİ-dən qalma narahatlığı yenidən baş qaldırdı.
Qərb ölkələri təhlükəsizliklərinin təminatından ehtiyatlanmağa başladı. Məlum olub ki, bu halı ilə Atlantik Alyansın Rusiyanın təhdidlərinə qarşı real müqavimət göstərmək imkanları zəifdir.
Bunun da ən başlıca səbəbi kimi maliyyə xərcləri göstərilir.
Hələ prezidentliyinin birinci dönəmində ABŞ-nin indiki Prezident Donald Tramp NATO üzvlərindən müdafiə xərclərini artırmağı tələb etmişdi. 2018-ci il iyulun 11-12-də keçiriləcək NATO sammiti ərəfəsində müttəfiqlərə məktublar göndərərək, növbəti dəfə sərt formada onlardan müdafiə xərclərini artırmağı və bu barədə konkret planlar təqdim etməyi istəmişdi.
Ağ Ev rəsmiləri ABŞ-nin pul qutusuna bənzədilməsinə son qoymaq niyyətindədirlər. Bunun üçün onlar müttəfiqlərindən müdafiə qarşılığında maliyyə xərclərin məbləğinin artırılmasını tələb edirlər.
Donald Tramp birinci prezidentliyi dövründə NATO-nun sammiti ərəfəsində Avropanı müdafiə xərclərini artırmağa çağırış etmişdi. Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker Atlantik Şurasının konfransında çıxışı zamanı bildirib: “Tramp çox aydın şəkildə vurğulayıb ki, Avropa və Kanada müttəfiqlərimiz müdafiə xərclərini indi Ştatlarla bərabərləşməlidirlər. Biz ümid edirik ki, bu bərabərləşəcək və Avropa müdafiə xərclərini kəskin şəkildə artıracaq”.
ABŞ lideri xəbərdarlıq etmişdi ki, NATO-ya üzv ölkələr müdafiə üçün ədalətli maliyyə vəsaiti xərcləməsələr, onda Ştatlar onları müdafiə etməyəcək. Bu ilin yanvarında isə o, Alyansa üzvü ölkələrin hərbi xərclərini Ümum Daxili Məhsulun 5 faizi səviyyəsinə qaldırmağa çalışacağını bildirib. Onun fikrincə, hazırkı 2 faiz kifayət etmir.
Ötən ilin nəticələrinə görə, hərbi ehtiyaclara ÜDM-in 3,6 faizini xərcləyən ABŞ istisna olmaqla, bu şərti yalnız Böyük Britaniya, Yunanıstan, Kanada və Estoniya yerinə yetirib. Donald Tramp şikayət edib ki, digər ölkələrin təhlükəsizlik sahəsində öhdəliklərini yerinə yetirməməsini amerikalılara izah etmək onun üçün getdikcə çətinləşir.
NATO Avropa üzvlərindən yerüstü HHM qüvvələrini beş dəfə artırmağı istəyib. Mənbələrin sözlərinə görə, bu qərar alyansı Rusiya təhdidindən qorumağa imkan verəcək. Buna səbəb Rusiyadan qorunmaqdır. Buna səbəb olaraq “Rusiya təcavüzünə” cavab hazırlamaq göstərilir.
Putin belə bəyanatları "cəfəngiyyat" və "qorxutma" adlandırıb.
Bildirilib ki, bu il iyunun 5-də HHM qoşunlarının sayının artırılması məsələsi NATO-ya üzv ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.
“Bloomberg”in mənbələri dəqiqləşdirir ki, HHM qüvvələrinin beş dəfə artırılması alyansın Avropa üzv ölkələri üçün ümumi hədəf olacaq, fərdi göstəricilərin isə sonradan müzakirəsi nəzərdə tutulub. Planların həyata keçirilməsi müddəti hələ ki müəyyənləşməyib.
Avropadan olan mütəxəssislər hesab edir ki, NATO üzvləri hava hücumundan müdafiə qüvvələrinin artırılmasına kəskin ehtiyac duyur. 2022-ci ildə Ukraynada döyüş əməliyyatları başladıqdan sonra alyansın bu məsələyə diqqəti artıb.
Bu ilin əvvəlində NATO-nun baş katibi Mark Rütte alyans ölkələrini müharibəyə hazırlaşmağa çağırıb. Prezident Vladimir Putin isə Rusiyanın NATO ilə müharibə etmək marağının olmadığını dəfələrlə bəyan edib. O, alyans ölkələrinə hücum etmək barədə söhbətləri "sayıqlama" və "burjualar üçün qorxutma" adlandırıb.
Almaniya HHM üzrə Avropa İttifaqının birgə layihələrində aparıcı rol oynamağı təklif edib. Kansler Fridrix Merts müdafiə xərclərini artırmaq və hava hücumundan müdafiənin gücləndirilməsinə milyardlarla avro yatırmağa hazır olduqlarını bildirib.
2022-ci ilin payızında Almaniyanın təşəbbüsü ilə NATO-nun qərargahında ümumi Avropa hava hücumundan müdafiə sisteminin yaradılması haqqında niyyət protokolu imzalayıblar. Təşəbbüs “Sky Shield” ( “Səma qalxanı”) adlandırılıb. Təşəbbüsə Belçika, Böyük Britaniya, Finlandiya, Norveç, Bolqarıstan, Rumıniya, Slovakiya, Sloveniya, Çexiya, Macarıstan, Litva, Latviya, Estoniya, Niderland artıq qoşulub.
Alyansın bu addımı onun Rusiyanın mümkün hücumuna hazırlaşdıından xəbər verir. Moskva NATO ilə müharibə etmək niyyətində olmadığını bildirsə də, görünür, alyans ona etibar etmir. Onların bununla bağlı əsasları da yox deyil. 1994-ü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri Ukraynanın təhlükəsizliyinə zəmanət haqqında memorandum imzalamışdılar.
Ancaq bu anlaşmanı Rusiya 28 ildən sonra pozaraq Ukraynaya qarşı müharibəyə başlayıb, ərazisini bir hissəsini işğal və ilhaq edib. Bu kimi amillər RF-nin beynəlxalq miqyasda nüfuzunu ciddi zədələyib. Moskva bu davranışı ilə həm də beynəlxalq hüququn və münasibətlərin normalarını bir heç sayıb.
Ona görə də NATO-nun təhlükəsizliyinin qayğısına qalmasını reallığın diktəsi saymaq olar.
ABŞ liderinin xüsusi nümayəndəsi Kit Kelloq Ukraynadakı münaqişəni NATO ilə Rusiya arasında "proksi müharibə" adlandırıb. Deməli, faktiki olaraq alyansla RF savaşır. Bu hərbi münaqişə hazırda onun sərhədlərin yaxınlığında baş versə də, onun bir müddət sonra NATO daxilinə keçməyəcəyinə təminat yoxdur.
ABŞ hava hücumunda müdafiə sistemində yeniləşmə həyata keçirir. Bu sistemin Avropaya da tətbiqi məsləhət görülür.
Yaxın Şərqdə baş verən hadisələr İsrailin də hava hücumundan müdafiə sisteminin etibarını təsdiqləyib. “Dəmir Günbəz” reaktiv mərmilərin hücumlarından İsraili müdafiə etdiyi üçün həyati əhəmiyyət daşıyır.
Bu baxımdan Avropa ya özünün Hava Hücumunda Müdafiə Sisteminin quracaq, ya da onu bu iki ölkənin birindən almağa üstünlük verəcək.
Böyük Britaniya, Fransa, Almaniya və ABŞ-nin Ukraynaya tədarük etdikləri silahların uzaqmənzilli olmasına dair məhdudiyyətlər aradan qaldırılıb. Bu, rəsmi Kiyevə Rusiyanın içərilərində hərbi obyektlərə hücum etməklə özünü müdafiə imkanları yaradır.
Rusiya isə buna cavab olaraq bildirmişdi ki, belə bir addım atılarsa, onu NATO-nun müharibədə iştirakı kimi qiymətləndirərək cavab tədbiri görəcək.
Bu isə Avropaya HHM sistemini qurmağı aktuallaşdırır. Çünki Ukrayna NATO-nun Avropadakı üzvlərini qorumaq üçün də Rusiyaya qarşı savaşır. Qərb və Rusiya genişlənmək istəyir. Birinci tərəf bunu ABŞ-nin başçılığı altında blok və müttəfiqlərlə birlikdə reallaşdırır. Əvvəllər SSRİ-də belə edərdi. Ancaq Rusiyanın belə gücü və imkanı yox dərəcəsindədir. O, KTMT vasitəsi ilə hərbi blok formalaşdırmağı hədəflədi. Ancaq Təşkilat hələ Rusiyanın maraqları baxımından istənilən səmərəni vermir. Onun bu qurumdakı müttəfiqləri Ukraynanın ərazi bütövlüyünü tanıyır və Moskvanın ilhaq etdiyi torpaqları tanımır. Bununla KTMT nizamnaməsini icra etmir. Rusiya Ukrayna müharibəsində sıralarını Şimali Koreyadan olan hərbçilərin və raketlərin sayəsində gücləndirir.
Qərb, yəni NATO Ukrayna qələbəsini istəyir. Bu yöndə fəaliyyət göstərir. Deməli, Alyans müəyyən mənada hücum edən tərəf də sayıla bilər.
NATO Baş katibi xəbərdarlıq edərək deyib ki, Ukrayna savaşında ruslar qazansa, pulunuz qalacaq, amma rusca danışmalı olacaqsınız. Onun sözlərinə görə, hazırkı vəziyyətdə Kremlin potensial hücumunu çəkindirmək üçün müttəfiqlər xərcləri ümumi daxili məhsulun (ÜDM) 5 faizinə qədər artırmalıdırlar. O heç kimin rusca danışmaq istəmədiyni də qeyd edib.
Beləliklə, Donald Trampın yeddi il öncə NATO-dakı müttəfiqlərinə etdiyi çağırışa Avropa indi reaksiya verir. Bununla da ABŞ bu qitənin himayədarı, qoruyucu mələyi olduğunu 80 ildən, İkinci dünya savaşından sonra bir daha təsdiqləyir.(Report)