Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmə tədbirində iştirak edib.
Patriot News . az xəbər verir ki , tədbiri açan komitə sədri Əhliman Əmiraslanov əhaliyə göstərilən tibbi xidmətlərin həm keyfiyyətində, həm də kəmiyyətindəki ciddi yüksəlişdən, həmçinin icbari tibbi sığortanın tətbiqindəki uğurlardan danışıb. Komitə sədri bildirib ki, bu gün müzakirə ediləcək ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması üçün də xeyli işlər görülüb, uğurlar əldə edilib.
Səhiyyə naziri Teymur Musayev müstəqillik illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyə sektorunda da davamlı olaraq islahatların həyata keçirildiyini vurğulayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev çıxışında bildirib ki, icbari tibbi sığortanın tətbiqinin əsas məqsədi insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, əhalinin sağlamlığını yüksəltməkdir. Qeyd olunub ki, ilkin səhiyyə xidməti əhalinin tibbi xidmətlərə əlçatanlığının təşkilində çox böyük rol oynayır. Agentliyin sədri bildirib ki, bizim üçün ən vacib məsələ yaşadığı regiondan asılı olmayaraq əhalimizin bərabər şəkildə tibbi xidmətlərə əlçatanlığının təmin olunmasıdır. İlkin səhiyyə xidmətinin insanların səhiyyə xidmətləri ilə daha keyfiyyətli şəkildə təmin olunmasında böyük əhəmiyyət daşıdığını vurğulayan Zaur Əliyev bu sahədə çalışanların bilik və bacarıqlarının qiymətləndirilməsi, inkişaf etdirilməsi və peşəkarlığının təmin olunması ilə bağlı görülən işlərdən danışıb.
Agentlik sədri ilkin səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinin aktual məsələləri, o cümlədən regionlarda tibb məntəqələrinin yenidən qurulması, onların tibbi heyətlə təmin olunması ilə bağlı fikirlərini bölüşüb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev isə təqdimatında Azərbaycanda tibbi xidmətlərin təhlili ilə bağlı məlumatları diqqətə çatdırıb. O, Azərbaycanda ilkin səhiyyə xidmətində kadr çatışmazlığının aradan qaldırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, regionlarda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və digər istiqamətlərdə aparılan işlərdən danışıb.
Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Milli Məclisin deputatları, Səhiyyə Nazirliyinin, TƏBİB-in, ali təhsil müəssisələrinin, tibb müəssisələrinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.