Gəncədə Uğurlu İkiqat Əməliyyat: Şəmkirli Pasiyent Sağlamlığına Qovuşdu
1963-cü il təvəllüdlü Şəmkir sakini Fəxrəddin Məmmədov, gecələr tez-tez sidiyə çıxma, sidiyə çıxarkən gücənmə və ağrılar kimi şikayətlərlə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib. Xəstə, xəstəxananın həkim-uroloqu Uzman Dr. Anar Məmmədov tərəfindən müayinə olunub və ona prostat vəzinin hiperplaziyası və öddaşı xəstəliyi diaqnozları qoyulub.
Təcili tibbi müdaxilə üçün ümumi cərrah Xudaverdi Xudaverdizadə və anestezioloq-reanimatoloq Şəfa Bağırova ilə birlikdə Fəxrəddin Məmmədova eyni zamanda iki əməliyyat – TUR-prostat (transuretral prostat rezeksiyası) və laparoskopik xolecystektomiya (öd kisəsinin çıxarılması) icra olunub. Əməliyyatlar qapalı üsulla həyata keçirilib və uğurla başa çatdırılıb.
Pasiyent cərrahi əməliyyatdan sonra ikinci gün cərrahi sağalma ilə evə yazılıb. O, xəstəxanadan sağlam vəziyyətdə çıxdıqdan sonra Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yaradılan şəraitə, Abbas Səhhət adına xəstəxananın tibbi personalına və TƏBİB-ə öz minnətdarlığını bildirib.
Bu uğurlu əməliyyat hadisəsi bir daha göstərdi ki, müasir tibbi imkanlar və peşəkar həkimlər sayəsində pasiyentlərin sağlamlığı qorunur və həyat keyfiyyəti bərpa olunur.
@Patriot News.az