Gəncədə Qurban Bayramı günlərində heyvanların satış və kəsim məntəqələrinə monitorinq təşkil olunub
06–07 İyun 2025-ci il tarixlərində ölkədə Qurban Bayramı qeyd olunacaq. Respublikanın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də qurbanlıq heyvanların kəsimi və satışı müvafiq norma və qaydalara uyğun, rahat və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün xüsusi məntəqələr yaradılıb. Belə ki, şəhərin “Kəpəz-Bazarı” ASC-də, "İmamzadə" Dini Kompleksinin qurbangahında, M.Bağırov küçəsində və keçmiş “Ət kombinatı”nın ərazisində qurbanlıq heyvanların satışı və kəsimi üçün məntəqələr təşkil olunacaq.
Bayram günlərində şəhər ərazisində qurbanlıq heyvanların kəsimi və satışının düzgün təşkili məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq sərəncamı ilə “İşçi qrupu” yaradılıb.
Patriot News.az xəbər verir ki, ötən gün “İşçi qrupu”nun üzvləri sözügedən məntəqələrə baxış keçiriblər. Qrupun rəhbəri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev satışı və kəsimi həyata keçirəcək məsul şəxslərlə görüşərək onlara izahat verib. O bildirib ki, Qurban Bayramı günlərində vətəndaşlar və sahibkarlar qurbanlıq heyvanların kəsimini yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirməlidirlər. Diri heyvanların satışı isə həmin məntəqələrin yanında xüsusi ayrılmış sahələrdə təşkil olunacaq. Qurbanlıq heyvanların kəsimindən əvvəl baytar həkimlər tərəfindən müayinə olunmasının vacibliyi də diqqətə çatdırılıb.
Bununla yanaşı, Adil Tağıyev məntəqələrdə gigiyena qaydalarına riayət olunmasına dair tapşırıq verib və bu sahədəki nöqsanlarla bağlı iradlarını bildirib.
Qeyd edək ki, sakinlər Qurban Bayramı günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları almaq, satmaq və ya kəsmək üçün göstərilən ünvanlara müraciət edə bilərlər.
@Patriot News.az