Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) strukturuna daxil olan tibb müəssisələrində uşaqların icbari dispanserizasiyası davam etdirilir.
Patriot News.az xəbər verir ki, "Uşaqların icbari dispanserizasiyası" proqramına uyğun olaraq Gəncə ŞBX-nin nəzdində fəaliyyət göstərən poliklinikaların tibb işçiləri tərəfindən xidmət göstərdikləri ərazilər üzrə təlim-təhsil müəssisələrinin uşaqları üçün tibbi müayinələr həyata keçirilir.
Müayinələrə həkim-pediatrlar, stomatoloq, oftalmoloq, nevroloq və digər ixtisas sahələrinə aid olan həkimlər cəlb olunub.
Uşaq xəstəxanasının Poliklinika şöbəsində, Akademik Z.Məmmədov adına xəstəxananın Poliklinika şöbəsinin Uşaq Poliklinika və II Poliklinika bölməsində həyata keçirilən uşaqların icbari dispanserizasiyasında yanvar, fevral ayları ərzində 6000-dən artıq uşaq tibbi müayinələrdən keçib.
Tibbi müayinələr zamanı uşaqlarda aşkar olunan xəstəliklər və yaxud sağlamlığın pozulması riski müəyyən edildikdə, uşaqlar dispanser qeydiyyatına götürülür və onlar müalicə-sağlamlaşdırıcı tədbirlərə cəlb olunurlar.
Profilaktik müayinələr uşaqların sağlamlıqlarının vaxtaşırı yoxlanılması, yarana biləcək xəstəliklərin erkən aşkarlanması, vaxtında müalicəyə cəlb olunmasına və xəstəlik inkişaf etmədən qarşısının alınmasına xidmət edir.
@ Patriot News.az