İtaliya Ukraynaya 400 silinmiş zirehli transportyor verəcək
Bu barədə “Il Messaggero” və “Defense Express” nəşrləri məlumat yayıb.
Yardımın M113 tipli tırtıllı zirehli transportyorların İtaliya versiyası olan “VCC-2 Camilino”nu əhatə edəcəyi gözlənilir.
“Il Messaggero” nəşrinin yazdığına görə, İtaliya həmçinin Ukraynaya əməliyyatların planlaşdırılmasına kömək edəcək “peyk müşahidə sistemi” ilə yardım edə bilər. Lakin bu bənd haqqında ətraflı məlumat verilmir.
“Defense Express” qeyd edib ki, “VCC-2 Camilino” amerikan maşını M113A1-in İtaliya modernizasiyasıdır. O, yan tərəflərdə əlavə zirehli müdafiə və açıq qüllə əldə edib.
Açıq mənbələrdən əldə edilmiş məlumatlara görə, İtaliya ordusu üçün 1 200-ə qədər M113 ZTR “VCC-2 Camilino” versiyasına modernizasiya edilə bilərdi. Eyni zamanda, bu ZTR-lər artıq bir müddətdir ki, İtaliya ordusunun silahlanmasında deyil. Son on maşının dörd il əvvəl silindiyı məlumdur.
Lakin “Defense Express”in fikrincə, İtaliyanın Ukraynaya verəcəyi 400 maşının hamısı döyüş qabiliyyətli vəziyyətdə olmayacaq. Ola bilsin ki, bir hissəsi ehtiyat hissələri üçün istifadə olunacaq, digər hissəsi isə əsaslı təmir tələb edəcək.