Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib
Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenko adına Diplomatik Akademiyada Azərbaycan şairi, Ukrayna ədəbiyyatı nümunələrinin tərcüməçisi, diplomat Abbas Abdullanın (1940-2019) anadan olmasının 85-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Tədbirin təşkilatçıları Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna-Türk Mərkəzi olub.
Ukrayna ədəbiyyatının ən görkəmli azərbaycanlı tərcüməçisi və tədqiqatçısı olan Abbas Abdulla Ukrayna dilini yüksək bədii səviyyədə bilirdi. O, Ukrayna ədəbiyyatını orijinaldan tərcümə edirdi, ölkənin mədəniyyətini, tarixini, mentalitetini, ənənələrini tanıyırdı.
Gecədə Ukrayna Mədəniyyət və Strateji Kommunikasiyalar Nazirliyinin tədbirin təşkilatçılarına və iştirakçılarına ünvanladığı məktub oxunub. Məktubda Abbas Abdullanın Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfəsi qeyd edilib.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev iki ölkə arasında mədəni dialoqun inkişafının, eləcə də fəaliyyətini iki ölkə arasında mədəni diplomatiyaya həsr etmiş görkəmli şəxsiyyətlərin ədəbi irsinin öyrənilməsinin vacibliyini vurğulayıb.
Ukrayna Xalq deputatı Sergey Naqornyak Ukraynanın ərazi bütövlüyünə ardıcıl dəstəyinə və hərtərəfli yardımına görə Azərbaycana təşəkkür edib. Deputat Azərbaycanın Ukrayna üçün qardaş ölkə olduğunu və belə tədbirlərin Azərbaycan mədəniyyətinə, dilinə, ənənələrinə hörmət əlaməti olduğunu qeyd edib.
Tədbirdə Ukrayna kollektivləri Azərbaycan rəqsləri və mahnılarını ifa ediblər. Kiyevin “Barvinoçok” Ukrayna rəqs məktəbi qavallarla “Ağ çiçək” rəqsini, “Veselad” xalq mahnıları vokal ansamblı isə “Sən gəlməz oldun” əsərini və Sami Yusifin Nəsiminin qəzəli əsasında bəstələdiyi mahnısını ifa ediblər.
Eyni zamanda bandura musiqi alətində Azərbaycanın Himni və Marina Vişnevskayanın ifasında bəstəkarlarımızın melodiyaları səsləndirilib.
Ukrayna-Türk Mərkəzinin fakültativində Azərbaycan dilini öyrənən fəal Polina Pyatnitsa Abbas Abdullanın şeirlərini səsləndirib.
Tədbirin kuratoru Marına Qonçaruk qeyd edib ki, Abbas Abdulla Ukrayna ədəbiyyatının Azərbaycan dilinə yüksək bədii tərcümələrinə görə 1984-cü ildə M.T.Rılski adına Ədəbiyyat Mükafatının (Ukraynanın tərcüməçilərə verilən ən yüksək dövlət mükafatı) laureatı olub.
"Abbas Abdulla Ukrayna xalqını, onun mədəniyyətini bütünlüklə sevib. Onun sonrakı həyatı sürətlə inkişaf etsə də, o, təkcə Azərbaycanın ən böyük şairlərindən, tərcüməçilərindən, ədəbiyyatşünaslarından biri deyil, həm də nüfuzlu ictimai, siyasi xadim, diplomat oldu. Ancaq Ukrayna Abbas Abdullanın həyat eşqinə çevrilib və onun ədəbiyyatını, mədəniyyətini yüksək bədii səviyyədə Azərbaycan xalqına təqdim edib", - M.Qonçaruk bildirib.
Bundan əlavə, tədbir iştirakçıları Abbas Abdullanın həyatının Ukrayna ilə bağlı parlaq səhifələrini əks etdirən fotoşəkillərdən ibarət fotosərgi ilə tanış olublar.
Tədbirdə Ukrayna Xarici İşlər Nazirliyinin, digər ölkələrin səfirliklərinin nümayəndələri, Abbas Abdullanın dostu - ukraynalı tərcüməçi, şair, fövqəladə və səlahiyyətli səfir Sergey Borşevski, Taras Şevçenko adına Kiyev Milli Universitetinin, Kiyev Milli Linqvistika Universitetinin, Kiyev Aviasiya İnstitutu Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və tələbələri iştirak ediblər.