İrəvana yaranacaq etimad amili - Rusiyanın bazasının mümkün bağlanması - ŞƏRH
Hər iki missiya perspektivdə regionda sabitliyin pozulması üçün amil ola bilər.
Aleksandr Nevski ordenli 102-ci Rusiya hərbi bazası (h/h 04436) Rusiya-Ermənistan münasibətlərinin mühüm tərkib hissəsi sayılır. Bazanın iki qarnizonu var: Gümrüdə və İrəvanda. Hərbi bazanın aviasiya komponenti “Erebuni” aerodromunda yerləşir.
Bazanın fəaliyyəti haqqında müqavilə 25 il müddətinə bağlanmışdı, ancaq 2010-cu ildə Rusiyanın ovaxtkı Prezidenti Dmitri Medvedevin İrəvana səfəri zamanı müqavilə daha 24 il (2044-cü ilə qədər) uzadılıb. Rusiya iddia edir ki, onun hərbçilərinin məsuliyyət daşıyacağı məsələlər Ermənistan ərazisinə aiddir. Başqa sözlə, bu ölkəyə qarşı istənilən xarici təhdid Rusiyaya qarşı hədə kimi qiymətləndiriləcək.
2017-ci ildə Rusiya və Ermənistan Birləşmiş Qoşun Qruplaşmasının formalaşması başa çatdıqdan sonra hərbi baza Ermənistan Silahlı Qüvvələrinin hissələri ilə birlikdə qruplaşmanın tərkibinə daxil edilib.
İki ölkə arasında müqaviləyə uyğun olaraq baza xərclərinin yarısını Rusiya, o biri hissəsini isə Ermənistan üzərinə götürür. Bundan başqa, 102-ci baza yerləşdiyi ölkəyə pul kompensasiyası olmadan yerləşdirilib.
Rusiya hərbi hissəsinin hərbçiləri Gümrü şəhərində bir sıra cinayət hadisələri törətdiklərinə görə mühakimə olunub. 2015-ci ilin yanvarında Valeri Permyakov adlı rusiyalı hərbçi Gümrüdə Avetisyan ailəsinin altıaylıq körpə və iki yaşlı qız da daxil olmaqla, yeddi nəfəri öldürüb. 2016-cı ilin avqustunda Ermənistanda məhkəmə Permyakovu qətldə təqsirli bilərək barəsində ömürlük həbs cəzası çıxarsa da, məhkum 2017-ci ilin mayında Rusiya tərəfinə təhvil verilib.
2018-ci ilin dekabrında Gümrüdə 102-ci Rusiya hərbi bazasının hərbçisi saxlanılıb. O, şəhərdə 57 yaşlı xadiməni öldürmüşdü.
Bu ölkədə müxalifət adlanan kəsim rusiyayönlüdür. Onlara revanşistlər də deyilir. Həmin qrupun hakimiyyətə gəlişini, yaxud onların qonşu ölkələrə qarşı ərazi iddiasının təmin edilməsi istiqamətində 102 işə yaraya bilər. 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalanan kimi Rusiya qoşunlarının sülhmarmlı adı altında Qarabağa yeridilməsi hadisəsi uzaq keçmişdə olmayıb. Moskva durmadan onların sayını artırır, bölgədə erməni terrorçu və silahlı dəstələrə təlim keçir, onları Azərbaycana qarşı müharibəyə hazırlayırdı.
Oxşar hadisənin gələcəkdə həmin hərbi hissə vasitəsi ilə həyata keçirilməyəcəyinə təminat yoxdur.
Ermənistanın müstəqillik aktının, konstitusiyasının dəyişdirilməsi şərti bu tip hadisələrə qarşı hüquqi əsasdır.
Deməli, Rusiyanın Ermənistandakı hərbi bazası Ermənistan və regionda sabitlik, sülh üçün təhdid mənbəyidir.
Bir müddət əvvəl amerikalı keçmiş diplomat Ceyms Uorlik də oxşar açıqlama ilə çıxış etmişdi. O bildirmişdi ki, Ermənistan və Azərbaycan arasında saziş imzalanarsa, bu, bütün regionu dəyişə bilər.
Rəsmi İrəvanın sülh müqaviləsinin imzalanması üçün şərtlərə əməl etməsi Cənub Qafqazda xarici hərbi müdaxilə ehtimalını da azaldar. Ermənistan Rusiya asılılığından qurtular.
Ona görə də regionda əmin-amanlıq bu ölkə konstitusiyasının dəyişməsindən, sülh sazişinin imzalanmasından başlayır. Bu da 102 saylı bazanın regionda yaranacaq şəraitə uyğun olmayacağına əsasən çıxarılmasını aktuallaşdırar. Bu, həm də Ermənistanın Rusiya qarşısında təklənməməsi üçün başlıca yardım olar.
Tarixi hadisələr sübut edir ki, xarici ölkə qoşunlarının başqasının ərazisində mövcudluğu sabitlik və perspektiv üçün təhdid mənbəyidir.
İki ölkə arasında sülh üçün ilkin addımlardan biri 102-ci hərbi hissənin Ermənistanı vaxtından əvvəl tərk etməsi də ola bilər. Bu, həm Rusiyanın, həm də Ermənistanın barış prosesinə dəstəyi olar. Hər iki ölkəyə inam və etibarı artırar. Hətta bu perspektivdə Rusiyanın etibarlı və daha uğurlu tərəfdar kimi region ölkələri ilə gələcək əməkdaşlığına yardım edər. Bu baxımdan da RF qoşunlarının sülh sazişi imzalanmazdan əvvəl çıxması Cənubi Qafqazda sabitliyə, təhlükəsizliyə daha faydalı olar.
Avropa İttifaqının mülki monitorinq missiyası da Azərbaycanla Ermənistan arasında etimadın yaranmasına bir maneədir. Bu missiya həm də Ermənistanın etibarına zərbə vurur.
Rəsmi İrəvanın Azərbaycanla sülh sazişi imzalamaq üçün 102-ci hərbi hissə və Avropa İttifaqının mülki müşahidə missiyasını Ermənistandan çıxarmağa tələsməsi vacib sayılır. Yoxsa, bu hərbi hissənin, Aİ monitorinqçilərinin bu ölkədə varlığı Cənubi Qafqazda yeni problemlərin yaranmasında təsir göstərə bilər.(Report)