patriotnews.az
http://patriotnews.az

Samuxda tullantı böhranı: Nəzarətsizlik, texniki nasazlıqlar və artan ictimai narazılıq

25-05-2025, 12:04 Baxılıb: 104

 


Samux rayonu son illərdə müxtəlif inkişaf tədbirləri ilə gündəmdə olsa da, tullantıların idarə olunması sahəsində ciddi çatışmazlıqlar müşahidə olunur. Əhali xüsusilə məişət tullantılarının vaxtında yığışdırılmaması, küçə və məhəllələrdə zibilliklərin yığılması, eləcə də antisanitariya vəziyyətinin yayılması ilə bağlı narazılıqlarını bildirir.

Patriot News.az xəbər verir ki, rayonun müxtəlif ərazilərində tullantıların uzun müddət ərzində yığılaraq ətraf mühitə və insan sağlamlığına təhlükə yaratması artıq adi hala çevrilib. Zibil konteynerlərinin sayı əhalinin tələbatına cavab vermir, mövcud konteynerlər isə tez-tez dolub daşır. Bəzi yerlərdə ümumiyyətlə konteynerlərin olmaması sakinləri tullantıları küçələrin kənarına atmağa vadar edir.

Əhali dəfələrlə bu barədə aidiyyəti qurumlara xəbərdarlıq etsə də, lazımi nəticələr çıxarılmır. Mövcud vəziyyəti Samux rayon MKTİB-nin (Məişət Kommunal Təsərrüfatı İstehsalat Birliyi) qarajında zibil daşıyan maşınların az olması və tez-tez texniki nasazlıq səbəbindən əraziyə çıxa bilməməsi ilə əsaslandırırlar. Bu isə problemin əsas səbəblərindən biridir. Deməli, artıq zibil daşıyan maşınların sayı artırılmalı və onların texniki cəhətdən saz vəziyyətdə olması üçün ciddi tədbirlər görülməlidir.

Bu vəziyyət yalnız ətraf mühitin çirklənməsi ilə deyil, həm də sanitariya və epidemioloji təhlükə ilə müşayiət olunur. Əhali arasında xüsusilə yay aylarında pis qoxu, zərərvericilərin çoxalması və müxtəlif infeksiyaların yayılmasından narahatlıq artır.

Samux rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar bu problemi aradan qaldırmaq üçün konkret addımlar atmalıdır. Sakinlərin tələbləri əsas götürülərək tullantıların vaxtında və effektiv şəkildə toplanması, zibil konteynerlərinin sayı və yerləşmə yerlərinin yenidən planlaşdırılması, eləcə də maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir. Əks halda, bu tullantı böhranı daha da dərinləşəcək və ictimai narazılıq səviyyəsi artacaq.

Samux rayonunun inkişafı üçün ətraf mühit və sanitariya məsələlərinin diqqət mərkəzində saxlanılması, tullantıların idarəçiliyində müasir və effektiv həllərin tətbiqi artıq qaçılmazdır.

 
@Patriot News.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031