Yekaterinburqda Azərbaycan Müstəqilliyi Gününə Həsr Olunmuş Möhtəşəm Tədbir
27 may 2025-ci il tarixində Yekaterinburq şəhərindəki “Hyatt Regency” mehmanxanasında Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən Azərbaycan Respublikasının Müstəqillik Gününə (28 May) həsr olunmuş rəsmi qəbul keçirilib. Tədbirdə Azərbaycan və Rusiya arasında dostluq və əməkdaşlığın inkişafı, diasporun birliyi, mədəni və iqtisadi əlaqələrin genişlənməsi vurğulanıb.
Qəbulda dövlət və hökumət nümayəndələri, deputatlar, elm xadimləri, diplomatik korpus rəhbərləri, Sverdlovsk vilayətində və ətraf bölgələrdə yaşayan Azərbaycan diasporunun nümayəndələri və Yekaterinburqda təhsil alan soydaşlarımız iştirak ediblər. Mərasim Azərbaycan və Rusiya dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, ardınca məzmunlu və emosional çıxışlarla davam edib.
Patriot News.az xəbər verir ki, tədbirin açılışında baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev çıxış edərək Azərbaycan xalqının dövlət müstəqilliyi yolunda apardığı fədakar mübarizədən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını, müstəqil Azərbaycan dövlətinin memarı kimi tarixdə misilsiz rolunu, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin siyasi, iqtisadi və hərbi sahədə qazandığı uğurları vurğulayıb:
“Bu il ölkəmizdə ‘Konstitusiya və Suverenlik İli’ elan olunub. Biz 2025-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu ildönümünü və ərazi bütövlüyümüzün bərpasının 5-ci ildönümünü qeyd edirik. Bu iki mühüm hadisə xalqımızın əzm və iradəsinin, dövlətimizin hüquqi və mənəvi əsaslarının parlaq simvoludur. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dünya miqyasında artan nüfuzu, iqtisadi inkişafı və sabitliyi bizim üçün qürur mənbəyidir.”
Tədbirdə Sverdlovsk vilayəti hökuməti adından xarici iqtisadi əlaqələr naziri Vyaçeslav Yuryeviç Yarin, vilayətin Qanunvericilik Məclisinin adından parlamentlərarası fəaliyyət üzrə komissiyanın sədri Vyaçeslav Mixayloviç Veqner, İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Georgievna Merzlyakova da çıxış edərək Azərbaycan-Rusiya əlaqələrinin uğurlu inkişafından bəhs ediblər.
“Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski çıxışında Azərbaycan diasporunun vətənlə sıx əlaqələrinin qorunmasının vacibliyini qeyd edib:
“Ulu Öndər Heydər Əliyev həmişə vurğulayırdı ki, ‘Hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, öz xalqının və dövlətinin təəssübünü çəkməlidir’. Biz bu vəsiyyətə sadiq qalaraq, milli dəyərlərimizi, mədəniyyətimizi qoruyur, gələcək nəsillərə ötürürük. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi Zəfər – Qarabağın işğaldan azad olunması hər bir soydaşımız üçün qürur mənbəyidir və biz bu qüruru Ural torpaqlarında da yaşadırıq.”
Tədbirin rəsmi hissəsi xalqlar arasında dostluğun simvolu olan tortun kəsilməsi ilə başa çatıb. Qonaqlar Azərbaycan milli musiqisinin sədaları altında milli mətbəximizin zəngin və ləziz təamlarından dadaraq bayram ovqatını bölüşüblər.
Bu tədbir yalnız bir rəsmi qəbul deyil, həm də Azərbaycan və Rusiya xalqları arasında dostluğun, qarşılıqlı hörmətin və sarsılmaz əməkdaşlığın möhtəşəm təntənəsi oldu.