patriotnews.az
http://patriotnews.az

Trampın Azərbaycana verdiyi önəm – ABŞ Bakı ilə daha dərin tərəfdaşlığa ümid edir - ŞƏRH

Dünən, 16:31 Baxılıb: 2

Trampın Azərbaycana verdiyi önəm – ABŞ Bakı ilə daha dərin tərəfdaşlığa ümid edir - ŞƏRH

 
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı hər məktub Ağ Evin ölkəmizə necə böyük önəm verdiyinin göstəricisi hesab edilə bilər. Bu məktubların hər birində ölkələrarası münasibətlərə böyük önəm verildiyi xüsusi vurğulanır. Hətta məzmun və səslənən fikirlər də digər ölkələrə ünvanlanan təbriklərdən fərqlənir.

“Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik”, - Donald Tramp 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda bəyan edib. Əlbəttə ki, bu münasibət ölkəmizin regionda lider rolunun göstəricisi hesab edilməlidir.

Həqiqətən də, Donald Trampın prezidentliyi ABŞ-Azərbaycan münasibətlərinin inkişafında xüsusi seçilib. Birinci prezidentlik dövründə də inkişaf dinamikasının strateji tərəfdaşlıq üzərində qurulduğu dəfələrlə bəyan edilib. Təəssüflə qeyd edilməlidir ki, demokrat Cozef Baydenin 2020-2024-cü illər idarəçiliyi dövründə Azərbaycan qərəzli, ikili standartlı siyasətin şahidi oldu.

Prezident İlham Əliyev bu il yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə bunu açıq bəyan etmişdi. Dövlət başçısı bildirmişdi ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana sürüklənib. Görüşdə bədnam 907-ci düzəlişin yenidən bərpası məhz Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirilib.

Tramp da dəfələrlə ünvanlandığı təbrik məktubları ilə bu xəttin yanlış, ikitərəfli münasibətlərə xələl gətirdiyini təsdiq etmiş olub.

Azərbaycan Prezidenti bu gün ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edərkən də bəyan edib ki, ölkələrimiz arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Dövlət başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu deyib.

Senator ABŞ və Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu deyib. Əfqanıstanda ABŞ və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin mühüm rol oynadıqlarını vurğulayıb və buna görə də ayrıca minnətdarlığını bildirib.

Ümumiyyətlə, Tramp administrasiyasını Bayden idarəçiliyindən fərqləndirən bir çox cəhətlər var. Əsas da odur ki, Tramp milli maraqları ön plana çəkir, beynəlxalq münasibətlərdə realist və iqtisadiyyata əsaslanan yanaşmaya üstünlük verir. Məhz bu siyasətin nəticəsidir ki, ABŞ və Azərbaycan arasında qarşılıqlı faydaya əsaslanan əlaqələr daha da dərinləşib.

Bu gün ölkəmiz dünyada enerji resursları ilə zəngin və strateji coğrafi mövqeyə malik dövlət kimi qəbul edilir. ABŞ üçün də Azərbaycan Qafqazda enerji təhlükəsizliyi sahəsində önəmli tərəfdaş hesab olunur. Trampın birinci prezidentliyi dövründə Azərbaycanın Cənub Qaz Dəhlizi kimi layihələrinə dəstək nümayiş etdirilib və indi də bu xətt davam edir. Tramp administrasiyasının dəstəyi Azərbaycanın bu layihədəki rolunu daha da möhkəmləndirib və ABŞ-Azərbaycan əlaqələrinin yeni səviyyəyə qalxmasına zəmin yaradıb.

Məktubda önəmli məqamlardan biri də odur ki, Ağ Ev Azərbaycanla əlaqələri və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşu dövlətlə sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığı yüksək qiymətləndirir.

“30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək”, - məktubda vurğulanıb.

Tramp administrasiyası Cənubi Qafqazda sülh və əmin-amanlığın qorunub saxlanılmasına da dəstəyini göstərib. Məktubda bu, xüsusi qabardılıb. Bildirilib ki, ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir: “Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır”.

Göründüyü kimi, Tramp administrasiyası hər zaman Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verməsi ilə seçilib. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair dövlətimizin mövqeyinə anlayışla yanaşılıb. Bu münasibətlər beynəlxalq arenada Azərbaycan-ABŞ əlaqələrini daha da möhkəmləndirib.

Baydenin rəhbərliyi dövründə isə, təəssüflər olsun ki, qlobal müstəvidə ölkəmizə qarşı qərəzli addımlar atıldı. Ermənistana beynəlxalq arenalarda geniş meydan verildi, əksinə, Azərbaycan AŞPA-da iştirakdan məhrum edildi. Həmçinin, "907-ci düzəliş" məsələsi də ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafına mane olan amil kimi ön plana çıxdı.

Beləliklə, ABŞ Cənubi Qafqazda, bütövlükdə postsovet məkanında Azərbaycanın lider mövqeyini, sərgilədiyi müstəqil xarici siyasət kursunu yüksək qiymətləndirir. Bu gün Azərbaycan dünyanın əksər ölkələri ilə "mehriban qonşuluq" siyasəti yürüdür və bu da müsbət qarşılanır. Donald Trampın Prezident İlham Əliyevə yazdığı məktublar, eyni zamanda, ABŞ-nin Cənubi Qafqaz siyasətində hansı məqamlara daha çox diqqət yetirdiyini ortaya qoyur.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031