patriotnews.az
http://patriotnews.az

Ermənistanda seçki hazırlığı: Paşinyanın rəqiblərə və “beşinci kolona” davam edən hücumu - ŞƏRH

Dünən, 17:09 Baxılıb: 0

Ermənistanda seçki hazırlığı: Paşinyanın rəqiblərə və “beşinci kolona” davam edən hücumu - ŞƏRH

 
Ermənistanda yeni siyasi qalmaqalların, ictimai qarşıdurmaların yaranmasına sanki “başla” komandası verilib.

Parlamentin sədri Alen Simonyan 2026-cı il iyunun 7-də ali qanunverici orqana seçkilər keçiriləcəyini elan edib: “Gerisayım başladı”.

Ölkənin mövcud konstitusiyasına əsasən, birpalatalı parlament 107 deputatdan formalaşır.

Baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyası sonuncu seçkilərdə səslərin 54 faizini qazanaraq 71 deputat yeri əldə etdi. Müxalifətçi "Ermənistan" alyansı 29 yerlə ikinci oldu, "Şərəfim var" qruplaşması isə 7 yer qazandı. Heç bir digər partiya və ya alyans yer qazanmaq üçün lazım olan seçki baryerini keçə bilmədi.


Yeri gəlmişkən, sonucu növbədənkənar parlament seçkiləri 2021-ci il iyunun 20-də, Ermənistanın 44 günlük müharibədə kapitulyasiyasından sonra keçirilib. O zaman rusiyayönlü müxalifət, xüsusən sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyan müharibədə uduzmuş, kapitulyasiya aktını (üçtərəfli bəyanatı) imzalamış baş nazir Nikol Paşinyanı məğlub edəcəklərini düşünürdülər. Ancaq bu baş vermədi.

Baş nazirin komandası Ermənistan cəmiyyətinin müharibəni istəmədiyi, erməni oğullarının başqa dövlətin torpaqlarında işğalçı olaraq ölməsinə etiraz etdikləri üçün bu siyasi kampaniyada uğur qazanmışdı. Bu siyasi kampaniya həm də keçmiş prezidentlərə qarşı bir aksiya sayılırdı.

Ötən seçkilərdən sonrakı müddət ərzində Ermənistanda ictimai-siyasi vəziyyət daim gərgin olub.

Nikol Paşinyan bu müddətdə bir sıra istiqamətlərdə kadr dəyişiklikləri edərək hökuməti “beşinci kolon”dan təmizləməyə başladı. O, müdafiə naziri də daxil olmaqla mifləşdirilmiş orduda dəyişikliklər etdi.


Nikol Paşinyana Serj Sarqsyanın zəmanəti ilə prezident olmuş Armen Sarkisyan hakimiyyət daxilində müxalifətlik edirdi. O, həm də bir sıra məqamlarda iqtidar daxilində “beşinci kolonun” casusu da sayılırdı. Paşinyan 2022-ci ilin fevralında istefaya göndərməklə ondan xilas oldu.

Azərbaycan torpaqlarında işğalçı olaraq qovulandan sonra baş nazirin komandasının hakimiyyətdə qalması onlara qərbyönlü siyasətçi kimi özlərini göstərməyə əlavə imkan yaratdı.

Bu müddət ərzində Paşinyan müxtəlif nazirliklərdə yenilənmə, əvəzləmə kimi əməliyyatlar keçirib. Vergilər Nazirliyi və Gəlirlər komitəsində korrupsiyaya qarşı mübarizə də hay-küylü hadisələrdən sayılır.

Təhsil, ədliyyə nazirliklərində dəyişikliklər də bura daxil ola bilər.

İrəvanda müxalifətin keçirdiyi fasiləsiz mitinqlər yürüşlər də hədəflərinə, Paşinyanın istefasına nail ola bilmədi.

2018-ci il mayından sonra baş nazirlə kilsə arasında yaranan qarşıdurma 2024-cü ildə açıq şəkildə üzə çıxdı. “Vətən naminə Tavuş” hərəkatının lideri, keşiş Baqrat Qalstyanın başçılığı altında keçirilən yürüş və mitinqlər də uğur əldə edə bilmədi. Bu günlərdə Baqrat bəyan edib ki, 2026-cı ilin parlament seçkilərinə Paşinyan olmadan getməlidirlər. O daha yaxşı təşkilatlandıqlarını da açıqladı.


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri siyasi müxalifətdən daha çox kilsənin fəallaşmasına sanki təkan verdi.

Ümumerməni katolikosu II Qaregin bu vaxtadək özünü birləşdirici fiqur olaraq göstərməyə, Baqratın fəaliyyətinə pərdəarxası dəstək verməyə çalışsa da, ancaq bu keşişin arxasından Köçəryan, Sarqsyanın da boylandığı görünməz deyildi.

Deməli, Nikol Paşinyan üçün Baqratın lideri olduğu “hərəkat” bir xəbərdarlıq idi.

Ötən aydan Nikol və İkinci Qaregin arasında qarşıdurma açıq müstəviyə keçdi. Tərəflər bir-birini etikadan kənar ifadələrlə aşağılayır. Paşinyan ümumerməni kilsəsinin başçısını əxlaqsızlıqda, dini əqidəsinə zidd həyat tərzində ittiham edərək, onu “dələduz” adlandırıb. Qaregin isə baş naziri xanımı ilə nikahda olmamaqda ittiham edərək, tərbiyəsizlikdə günahlandırıb.


Bu seçkiqabağı kampaniyada Nikol Paşinyanın zərərsizləşdirməli, yaxud özünküləşdiməli əsas hədəflərdən biri isə Üçkilsədir (Eçmiadzin). Qaregini və onun komandasını bütün mənalarda sıradan çıxarmaqla baş nazir qarşıdan gələn siyasi kampaniyada uğur əldə etmək imkanlarını artıra bilər. Çünki ümumerməni kilsəsi yarandığı gündən Rusiyanın və keçmiş sovetlərin nəzarəti altında olub. Keçmiş SSRİ-dək kilsələrini Moskvadakı pravoslav kilsəsinə bağlı olduğu sirr deyil. Məsələn, Ukraynanın Rusiyaya qarşı mübarizəsində görülən ilk işlərdən biri yerli pravoslav kilsənin Moskvanın tabeliyindən, yaxud nəzarətindən çıxarmaq oldu. Hətta, Ukraynanın xüsusi xidmət orqanları bir neçə keşişi Rusiyaya casusluğa görə həbs belə etmişdi.

Bu baxımdan Qaregin, yaxud ondan əvvəlki I Vazgen də bir növ “beşinci kolonun” təmsilçiləri sayılır. Çünki Azərbaycan torpaqları işğal altında olduğu illərdə onların mənəvi, əxlaqi keyfiyyətləri üzə çıxdı. Hər iki keşiş Rusiyanın mövqeyindən çıxış edirdi.

Paşinyan hakimiyyətə gələndən sonra da bu kilsə ona qarşı fəaliyyət göstərib. Onun Qareginə qarşı ilk addımı “baş keşiş”in mühafizəçilərinin dövlət tərəfindən maliyyələşməsini dayandırması oldu.

Deməli, Paşinyanın “təmizliyi” indi də Üçkilsədə aparmaq, hətta katolikosu devirmək üçün qrup da yaratmaq fikrinə düşüb.


O, II Qaregini vəzifədən uzaqlaşdırmaq və bütün ermənilərin yeni katolikosun seçilməsi üçün koordinasiya qrupu yaratmaq niyyətindədir. Hökumət başçısı sosial şəbəkədə qeyd edib ki, o, koordinasiya qrupunun ilk 10 üzvünü özü seçəcək. Paşinyanın sözlərinə görə, bütün qəlbləri ilə İsa Məsihə inananlar, həyatlarında ən azı bir dəfə İncili əvvəldən axıra qədər oxuyanlar, son 5 ildə ən azı bir dəfə Böyük pəhriz tutanlar, hər gün dua edənlər seçilə bilər.

Baş nazirin keşişlər üçün müəyyənləşdirdiyi meyarlardan belə çıxır ki, din xadimləri heç dua belə etmirmiş, İncili axıradək oxumayıblarmış.

Bu hökumət başçısının hədəfi sıradan çıxarmaq üçün hazırladığı “zərərsizləşdirmə” kampaniyasının tezisləri də sayıla bilər.

Nikol Paşinyana problem yaradacaq başa bir təbəqə isə müxalifyönümlü (daha doğrusu rusiyameyilli) iş adamlarıdır. Məlumata görə, Ermənistanın hakimiyyət dairələrində müxalifət strukturları ilə əlaqəsi olan iş adamlarına qarşı genişmiqyaslı yoxlamalar və mümkün həbslər keçirmək planları müzakirə edilir.

Məlumata görə, yaxın günlərdə müxalifətlə əlaqəsi olan biznes dairələrinin nümayəndələrinə qarşı özünəməxsus "ov" başlaya bilər. Söhbət qəfil yoxlamalar, vergi təftiş orqanlarının yoxlamaları, həmçinin ehtimal olunan həbslərdən gedir.

Bildirilib ki, bu zaman müxalifət cavab olaraq heç bir ciddi addım və ya aksiya həyata keçirməyə macal tapmayacaq.


Milyarder Qaqik Tsarukyan vaxtı ilə Paşinyanın may hərəkatının fəal üzvlərindən biri olmuşdu. Sonralar rusiyameylli bu iş adamı zəiflədildi. Yenilərinin baş qaldırdığı və onların müxalifəti seçkilərdə maliyyələşdirəcəyi ehtimal olunur. Digər tərəfdən isə Robert Köçəryan və Serj Sarqsyana bağlı iş adamları da hələ fəaliyyətdədir. Düzdür, onların bir hissəsi Rusiyada və başqa xarici ölkədə işləsələr də, şəbəkələşdikləri istisna deyil.

Odur ki, Paşinyan qarşıdan gələn parlament seçkilərinə – Qareginin kilsə mafiyasını və Tsarukyanların iş adamları şəbəkəsini sıradan çıxarmaq uğrunda mübarizə ilə başlayır. Bunun ardınca “Qazprom Armenia” və “Ermənistan elektrik şəbəkəsi” kimi Rusiyanın nəzarəti altında olan şirkətlərin fəaliyyəti də seçkidə qalib gələcəyi halda Paşinyan komandasının hədəfində ola bilər.

Ermənistan dövlət kimi bütün baxımlardan seçim qarşısındadır. Ənənəvi anti-türk, anti-Azərbaycan siyasətdən imtina, yeni kilsə şəbəkəsi yaratmaq, Paşinyanın irəli sürdüyü “Ermənistan reallığı” konsepsiyasını qəbul etmək, “dənizdən dənizə”, “Böyük Ermənistan” xülyalarından əl çəkmək, yeni konstitusiyanı qəbul etmək, qonşulara qarşı hikkəli, iddialı, kinli siyasətdən imtina etmək, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və başqaları bu ölkənin yeniləşməsi, dövlət olaraq mövcudluğunu davam etdirmək üçün əsas məsələlərdən saymaq olar.


Ermənistanın bataqlıqdan çıxması üçün erməni cəmiyyəti ənənəvi, yüzillik klassik yanaşmadan uzaqlaşması vacib amillərdən hesab edilir. Əks halda inkişafın yönünü itirəcəklər. Elə Rusiyanın da gələcəkdə bu ölkədə istinadlarına yenidən baxması zərurəti yaranır. Köçəryanlar, qareginlər, sarqsyanlar artıq işə yaramır. Onlar istifadə müddəti bitən məhsula oxşayır.

Bir vaxtlar Moskvanın yetişdirdiyi erməni “ədib” Zori Balayan yazırdı ki, hər tərəf türklərdir: “Boğuluruq”. O bundan xilas olmağın yolunu Azərbaycan torpaqlarını işğal etməkdə, əhalisini qətlə yetirməkdə görürdü. 44 günlük müharibə erməni cəmiyyətinin silkələyib qəflətən oyatdı. Deyəsən, həyatlarının faciəvi olmasına baislərin balayanlar olduğunu dərk etməyə başlayıblar. Odur ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın dövlət kimi mövcudluğuna təminat ola bilər. Bunun üçün Nikol Paşinyanın vədlərinə əməl etməsi, qərbi azərbaycanlıların da tapdanan vətəndaş hüquqlarının bərpası vacib amillərdəndir. Baş nazirin 9 ildir davam edən hakimiyyətinin ömrünün uzanması, onun onuncu illiyində yeni dövr üçün uğur əldə etməsi islahatlardan, yenilənmədən keçir. Bu həm də yeni Ermənistan qurmağın yoludur.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30