Vaşinqton-Moskva dialoqunun perspektivi - Rusiyanı gözləyən aqibət - ŞƏRH
Dünyanın aparıcı gücləri arasında gərginlik beynəlxalq aləmdə başqa dövlətlərin də siyasi, iqtisadi və ictimai həyatına təsirsiz ötüşmür. Həmin qüvvələr bir-birinə zidd, rəqib qütblərin təmsilçiləri olanda vəziyyət daha da ağırlaşır.
Bu baxımdan ABŞ-Rusiya, ABŞ-Çin münasibətləri və əlaqələri beynəlxalq müstəvidə baş verənlərə əhəmiyyətli dərəcədə təsirə malikdir.
Bu günlərdə Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev bildirib ki, Vaşinqtonla münasibətlərin normallaşdırılması üzrə tezliklə Moskvada danışıqlar olacaq.
Yeri gəlmişkən, Çin bir sıra hallarda az qala Rusiyanın patronu rolunda çıxış edir. Ona görə də Vaşinqton danışıqlarda bu iki tərəfdaşın əlaqələrinə də diqqəti artırır. Ötən həftə isə ABŞ Prezidenti Donald Trampla Çin Sədri Si Cinpin arasında telefon danışığı olub. Liderlər Ukrayna və İrana dair məsələləri müzakirə ediblər.
Çinin iqtisadi, elmi-texnoloji cəhətdən Rusiyadan daha güclü olduğunu nəzərə alsaq Trampla Cinpinin telefon danışıqlarının Moskva-Vaşinqton münasibətlərinə təsirsiz ötüşməyəcəyini də iddia etmək olar.
Onların münasibətlərində soyuqluq 2023-cü ilin dekabrından başlayıb. İki ölkə arasında diplomatik münasibətlər pozulmayıb. Ancaq dondurulmuş aktivlərin müsadirəsi və Ukraynada sonrakı hərbi eskalasiya bu istiqamətdə münasibətlərin kəsilməsi variantını nəzərdən keçirməyə əsas verirdi.
Tərəflər beynəlxalq təhlükəsizliyin və strateji sabitliyin qorunmasında mərkəzi rolları oynadıqlarından diplomatik münasibətlərin pozulmasına təşəbbüs göstərməyiblər.
2023-cü ilin dekabrında ABŞ-nin ovaxtkı Prezidenti Cozef Bayden administrasiyası maliyyə dəstəyinin ayrılmasında çətinliklər fonunda Kiyevə yardım üçün Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən (təxminən 300 milyard dollar) istifadə etmək üçün müttəfiqlərlə danışıqlara başlamışdı. Ancaq buna dari bitkin qərar qəbul olunmadığı üçün vəsaiti dondurulmuş halda saxlanılıb.
Onda Rusiyanın maliyyə naziri Anton Siluanov bəyan etmişdi ki, Rusiya Avropada aktivlərinin müsadirəsi halında güzgü tədbirləri görəcəyini söyləmişdi.
Moskva Ukraynanı işğal edəcəyini, bu ölkədəki mövcud hakimiyyəti devirmək istədiyini gizlətmir. Onun Ukraynada keçirdiyi hərbi əməliyyatlar, raket hücumları, bombardmanlar bunu təsdiqləyir.
ABŞ başda olmaqla Qərb bloku isə onların həmin qurumlara qoşulmasına açıq şəkildə təşviq etməsə də, Rusiyaya münasibətdə onlara (Ukrayna, Moldova və müəyyən mənada Ermənistan, əvvəllər Gürcüstan timsalında) yardım edir və dəstəkləyir.
İki ölkənin Yaxın Şərqdə əsas toqquşma nöqtələri İran, Suriya, Yəmən, Fələstin idi. Suriyada Bəşşar Əsəd rejimi yıxılmaqla Moskvanın da dayağı çökdü.
İraq, Suriya, Fələstin, “Hizbullah”, HƏMAS məsələlərində Rusiya ABŞ-yə uduzub.
İranın nüvə problemi ilə bağlı danışıqları Moskva da dəstəklədiyini hətta, bu istiqamətdə ABŞ-İran danışıqlarında iştirak etməyə hazır olduğunu da bildirir.
Hər iki Koreya məsələsində də tərəflər arasında ciddi mövqe ayrılığı qalır.
Mərkəzi Asiyada tərəflərin mövqe mübarizəsi davam edir. Bir vaxtlar Əfqanıstan və sovetlərin tərkibində olmuş müttəfiq respublikalar, Rusiyadan uzaqlaşmadan ABŞ ilə də əlaqə saxlamağa cəhd göstərir.
Moskva və Vaşinqtonun maraqlarının toqquşduğu əsas bölgələrdən biri də Cənubi Qafqaz, bütövlükdə Qafqazdır.
Ermənistandakı Nikol Paşinyan hökuməti isə nə Moskvadan əl çəkə bilir, nə də özünü tam ABŞ, Qərbsevər kimi aparır. Çünki o, Rusiyanın hakimiyyətini devirəcəyindən ehtiyatlanır. Ona görə Federasiyaya aid məsələlərdə bəzən təzadlı açıqlamalar verir, məsələn, Ermənistan yeni “Rus evləri”nin açılması kimi addımlar atır.
Azərbaycandan keçən energetika layihələrini, "Orta dəhliz"i ABŞ da dəstəkləyir. RF buna qarşı açıq çıxmasa da, məqam düşdükcə onların böyüyüb genişlənməsini əngəlləməyə səy göstərir.
Azərbaycanın torpaqlarını işğaldan azad etməsini Moskva rəsmiləri, mediası Ukraynanın Rusiyanı işğal etməsi adlandırır, bu cür gülünc, əsassız bənzətmələrlə çıxış edirlər. Əldə edilmiş nəticəni beynəlxalq ictimaiyyətə yanlış təqdim etməyə səy göstərirlər.
Cozef Bayden administrasiyasının yürütdüyü anti-Azərbaycan və Ermənistana sevgi siyasəti səbəbindən ABŞ-Azərbaycan münasibətlərində siyasi soyuqluq hökm sürürdü. Bu isə Rusiyaya vəziyyətdən istifadə etmək imkanı yaratmışdı. Ancaq rəsmi Moskva bu fürsəti əldən verdi. Moskva bu müddətdə Ermənistanı gücləndirərək, ondan Azərbaycana qarşı yenidən istifadə etmək taktikasını həyata keçirdi.
Son zamanlar ABŞ-Azərbaycan münasibətlərində normallaşma artıq Moskvanı qıcıqlandırır.
ABŞ-nin “Qızıl günbəz” raket hücumunda müdafiə sistemi də Rusiyanı narahat edir. Darçiyevin sözlərinə görə, bu layihənin inkişafı da iki ölkə arasında strateji sabitlik üzrə dialoqun başlanmasını uzadır. Moskva hesab edir ki, “Qızıl günbəz” destabilizasiyaedici kosmik komponentə malikdir.
Bu arada ABŞ-nin Strateji Müdafiə Təşəbbüsü (SMT, “Strategic Defense Initiative” - SDI), kosmosdan yerüstü hədəfləri vurmağa imkan verən kosmik bazalaşdırma elementləri ilə raket əleyhinə müdafiə sistemi yada düşür. Bu, ABŞ-nin uzunmüddətli proqramıdır. “Ulduz müharibələri” adını almış bu layihə 1983-cü il martın 23-də ştatların ovaxtkı prezidenti Ronald Reyqan tərəfindən elan edilmişdi. Bu sistemdə düşmən raketlərinin aşkarlanması və məhv edilməsi vasitələrinin yaradılmasına xüsusi diqqət yetirilirdi və s.
Odur ki, “Qızıl günbəz” sistemi də SMT-ni, münasibətlər onun yaratdığı hərbi-siyasi müzakirələri yada salır.
Rusiya ABŞ ilə müsadirə edilmiş diplomatik əmlakının qaytarılması ilə bağlı da danışıqlara başlayıb. Vaşinqtonla Moskva arasında da nüvə silahları, kütləvi qırğın silahlarının məhdudlaşdırılması üzrə danışıqların dayandığı yerdən davam etməsinə ehtiyac var. Çünki bəhs etdiyimiz istiqamətdə müzakirələr Rusiyanın-Ukraynadakı müharibəsindən sonra dayandırılır. Odur ki, bu məsələlər artıq dünya ictimaiyyətinin güclərə sifarişidir.
Heç şübhəsiz ABŞ SSRİ-dən, SSRİ isə Rusiyadan güclü idi. İndi də ABŞ Rusiyadan, deməli, ştatlar federasiyadan daha güclüdür. Sovetlər dönəmində Kreml Ağ evlə danışıqlara daim can atıb.
İndi iki ölkə münasibətlərini “soyuq müharibə” vəziyyəti saymaq məntiqi deyil. Çünki Rusiya ABŞ ilə müqayisə olunmayacaq dərəcədə zəifdir. Bununla belə keçmiş sovet məkanında müəyyən təsir dairəsinə malikdır. Elə bəlkə buna görə də Vaşinqton-Moskva dialoqunun davam etməsi vacib sayılır. Axı, bir vaxtlar ABŞ Rusiyaya görə, “Böyük7”liyi (G7) “Böyük səkkizlik” etmişdi. Deməli, potensial olaraq Kremlin Ağ evlə eyni blokda çıxış etməsinə potensialı var. Bu ilin fevral və aprelində tərəflər arasında danışıqların iki mərhələsi keçirilib. Həmin dialoqların dünyada sülhə, əmin-amanlığa, təhlükəsizliyi, sülhə xidmət edəcək razılaşmalarla nəticələnəcəyinə ümid yox deyil. Əks halda, sovetlər qədər gücü olmayan Rusiyanın vəziyyəti haqqında nikbin proqnozlar vermək olmur...(Report)