Azərbaycan Ordusunda psixoloqların iştirakı ilə təlim keçirilir
Patriot News.az xəbər verir ki, Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik, bacarıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, eləcə də müxtəlif xidmət şəraitində daha səmərəli fəaliyyət göstərmələrinin təmin edilməsi məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloqlar üçün treninq keçirilir.
Qardaş Türkiyə Cümhuriyyətindən dəvət olunmuş mütəxəssis “Psixologiyanın əsasları”, “Obsesif-kompulsif pozğunluq”, “EMDR terapiyası”, “Özünü hiss etmə” kimi mövzularda dərslər keçirir.
Təlim zamanı iştirakçılara travmatik təcrübələrin yaddaşda saxlanma formaları, bipolyar pozğunluqların xüsusiyyətləri, uşaqlıq qorxusunun aradan qaldırılması üsulları, döyüş və ekstremal şəraitdə travma almış hərbi qulluqçuların psixo-emosional durumunun neyropsixoloji aspektləri, onların psixoloji dəstəklənməsinin effektiv üsulları, dərin psixoloji dəstəyin tətbiqi mexanizmləri haqqında ətraflı izahat verilir.
Təlim prosesində nəzəri biliklər tələbələrin fəal iştirakı ilə praktik məşğələlər vasitəsilə möhkəmləndirilir.
Qeyd edək ki, Azərbaycan Ordusunun psixoloqlarının ixtisaslarının artırılması məqsədilə keçirilən təlim aprelin 11-dək davam edəcək.