Tramp Farsı Ərəbə DƏYİŞİR... – Qlobal miqyasda yeni XAOS DALĞASI
Qlobal bazarlar
Belə bir ab-havada dünya bazarlarında neft qiymətləri son bir həftədə iki dəfə 60 dollardan ucuzuna satıldı. Mayın 1-də 59,3 dollara satılan Brent markalı neft mayın 5-də 58,5 dollara qədər eniş etdi. Hindistanla Pakistanın əzəli münaqişəsinin yenidən hərb fazasına keçidi ilə neft bahalaşmağa başladı, artıq mayın 8-də 63 dollar həddinə qədər yüksəldi. Amma dünyadakı gərginliyin iqtisadi aktivliyə olan neqativ təsirləri neftin qiymət artımının davamlı olmasının qarşısını alır.
Azərbaycan-Vyetnam əlaqələri
Yola saldığımız həftə müstəqillik dövründə Vyetnam dövlət başçısının Azərbaycana ilk səfəri ilə yadda qaldı. Azərbaycanla Vyetnamı birləşdirən tellər isə ötən əsrin ortalarına gedir. Ölkələrimizin münasibətləri Vyetnam rəhbəri Ho Şi Minin Sovet Azərbaycanına 1959-cu ildə baş tutan səfəri ilə başlayıb və Vyetnam lideri “Neft daşları”nda olarkən özlərində də dənizdə neft çıxarılması arzusunda olduğunu bildirir.
Vyetnamda neft-qaz sənayesinin qurulmasında Azərbaycan neftçiləri tarixi xidmətlər göstəriblər. Vyetnamın ilk neft yataqlarının kəşfiyyatı və işlənilməsi məqsədilə 1981-ci ildə “Vietsovpetro” Sovet-Vyetnam birgə müəssisəsi yaradılır və Azərbaycanın qabaqcıl neft mühəndisləri, geoloqları, ixtisaslaşmış işçiləri Vyetnama ezam olunurlar. Birgə müəssisənin 1981-1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, geologiya bölməsinin ilk rəhbəri isə Müslüm Vəliyev olub. Bəs kim idi bu baş direktor?
Vyetnamdakı məşhur azərbaycanlı neftçi
Azərbaycanın dövlət başçısı İlham Əliyev də “Vyetnam” agentliyinə müsahibəsində bu neftçini xatırlayır. Onu deyim ki, bizim mediada həmin şəxs haqqında əlavə bir məlumatla qarşılaşmadıq. “Gazprom-İnternational Ltd” şirkətinin arxivindən tapdığım məlumata görə, Cəlal Məmmədov 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun “Neft-mədən işi” fakultəsini bitirib və uzun illər neft kəşfiyyatında müxtəlif vəzifələrdə çalışıb. “Azneftkəşfiyyat” Trestinin baş mühəndisi olub. 1972-ci ildən isə “Xəzərdəniz neft” İB baş direktorunun müavini olub. 5 il Kubada neft-qaz yataqlarının axtarışında iştirak edib, hələ 1973-cü ildə ABŞ-da Sovet-Amerika təcrübə mübadiləsində dəniz qazması proqramında iştirak edib. 2005-ci ildə Cəlal Məmmədovun adına Azərbaycan Prezidentinin 19 sentyabr 2005-ci il tarixdə “Netçilər günü” münasibətilə imzaladığı Sərəncamda rast gəlirik. Bu sənədlə Azərbaycan neft sənayesinin inkişafındakı böyük xidmətlərinə görə Cəlal Əli-Heydər oğlu Prezidentin fərdi təqaüdü ilə mükafatlandırılır.
Heydər Əliyevin Vyetnama səfəri
Onu qeyd edim ki, 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başçılıq etdiyi sovet nümayəndə heyəti Vyetnama səfəri zamanı Sovet və Azərbaycan neft mütəxəssisləri ilə görüşmək üçün Vyetnamın neft paytaxtı Vunq Tau şəhərinə də baş çəkir. Çox çəkmir ki, Bakı və Vunq Tau qardaşlaşmış şəhərlər olur. Bakıda indiki Xətai rayonundakı küçələrdən biri bu şəhərin adını daşımağa başlayır. Vunq Taudakı Bakı küçəsi isə turistlərin baxmalı, gəzməli məkanı kimi tanınır. Çünki burasda Vyetnamın ilk neft şirkətinin mənzil qərargahı yerləşir.
Azərbaycanın Vyetnama dəstəyi təkcə neft sənayesi mütəxəssisləri və avadanlıq göndərməkdən ibarət olmayıb. Sovet dövründə minlərlə vyetnamlı Dövlət Neft və Sənaye Universiteti başda olmaqla Azərbaycanda müxtəlif sahələr üzrə təhsil alıblar. Təkcə “AZİ” dediyimiz o təhsil ocağı Vyetnam üçün 2 mindən çox neft sənayesi mühəndisi yetişdirib. Nə onlar, nə də Vyetnam rəhbərliyi bu təhsil ocağını indiyə qədər unutmayıblar. Mayın 8-də isə burada Vyetnam-Azərbaycan əməkdaşlığını əks etdirən Memorial otağın açılış mərasimində Vyetnamın dövlət başçısı da iştirak edib.
Azərbaycan-Vyetnam neft sazişləri
İndi isə keçək Vyetnam liderinin Bakıdakı rəsmi görüşlərinin yekunlarına. Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə iki ölkə arasında əlaqələrə dair bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. Onların içərisində 3 sənəd neft sektorunda əməkdaşlığı nəzərdə tutur:
- “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
- “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu - “PetroVietnam” arasında Anlaşma Memorandumu”;
- “SOCAR Trading Singapore” ilə “Binh Son Refining and Petrochemical” şirkətləri arasında Anlaşma Memorandumu”.
İmzalanan sənədlər göstərir ki, bizim Vyetnamla ticarət əlaqələrimizin həcmi neftin qiymətindən xeyli asılı olacaq. Qiymət demişkən, bəs bizim 80 il əvvəl çıxardığımız neftin DƏYƏRİ nə olub? Yəni o neftimizin ki, faşizm üzərində qələbə qazanılmasında müstəsna əhəmiyyəti olub.
Azərbaycan nefti: 1941-1945
Rəsmi statistikaya əsasən, 1941-1945-ci illərdə Azərbaycanda 75 milyon 360 min neft hasil edilib. Həmin dövrdə Sovet İttifaqında 110,7 milyon ton neft hasil edilib və bunun 68%-i Azərbaycanın payına düşüb. Müharibənin ilk ilində Azərbaycanda SSRİ neftinin 71,3%-i, son ilində isə 60%-i hasil edilib. Bəs bizim neftin dəyəri nə qədər olub?
Əlbəttə də, Sovet iqtisadiyyatının strukturu kapitalizmdən tam fərqli idi və burada nəyisə qiymətləndirmək o qədər də asan məsələ deyil. Yəni “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” çağırışı zamanı başqa haqq-hesab arxa plana keçir.
Qeyd edim ki, Azərbaycan sənayesi, o cümlədən neft sənayesi Böyük Vətən müharibəsi başlayan andan deyil, II Dünya müharibəsinin başlanğıcından – 1 sentyabr 1939-cu ildən müharibə dövrünün relslərinə keçirilmişdi. Yəni 12 saatlıq iş günü, həftədə 7 gün və məzuniyyətsiz. Bu baxımdan o zamanın qiymətində neftimizin bazar dəyərini tapmaq maraqlı gəlir.
Sovet dövrünün Vətən Müharibəsi illərində Azərbaycanda hasil edilən neftin beynəlxalq ölçü vahidində həcmi 557,6 milyon barel demək idi. 1941-1945-ci illərdə dünya bazarlarında neftin qiyməti ABŞ-da hasil edilən neftlə təyin edilirdi və orta qiyməti o zaman 1,5 dollar ətrafında dəyişib.
Ancaq ABŞ Enerji İnformasiyası Administrasiyası təhlilçilərinin apardıqları hesaba görə, o zamandakı neftin 1 barelinin dəyəri 2020-ci ilin qiymətlərində təqribən 22 dollar olub.
Bu hesabdan çıxış etsək, əgər Azərbaycan nefti o zaman dünya bazarları qiymətində satılsaydı respublikanın gəliri indiki dəyərində təqribən 12,3 milyard dollar edərdi. Ancaq biz sadəcə xam neft şəklində buna dəyər verdik, ancaq Azərbaycanın rolu o illərin Cahan Müharibəsində xam neft hasil etməklə bitməyib axı? Bakı neft emal müəssisələri xammalın keyfiyyəti nəzərə alınaraq əsasən yanacaq istehsalı ilə məşğul olublar ki, bu da cəbhənin mühərrik sektorunun təminatında xüsusi əhəmiyyətə malik olub.
Dediyim odur ki, hasil edilən neftin əsas hissəsinin neft məhsuluna çevrilərək dəyərləndirilməsi nöqteyi nəzərindən çıxış etsək, onda alınan dəyər daha 30-40 faiz artıma doğru gedərdi. Yəni 16-17 milyard dollar olardı.
Ancaq bu dediyim sadəcə bir statistik göstəricidir. Onun hesabına bu gündən baxanda bizim neftin müharibədə, özü də faşizm üzərindəki qələbədəki rolunun qiyməti çox-çox yüksəkdir. Çünki Azərbaycan təkcə neft hasil etmirdi, xammalı neft məhsuluna da çevirirdi, özü də od-alov saçan mürərriklər müharibəsinin əsas təhcizatçısı idi və faktiki olaraq bütün bunları bir qarın çörəyə dəyişməyə məcbur edilən diyar idi. Bir növ Azərbaycan nefti o zaman əvəzi ödənilməyən iqtisadi münasibətlərdə idi.
Ancaq o da faktdır ki, 1941-1945-ci illərdə Azərbaycan 22 milyon ton benzin istehsal etmişdi ki, bu da ittifaq benzininin 80% -ni, ölkə miqyasında istehsal edilən yağlarının isə 96% -ni təşkil edirdi. Bakı aviasiya benzini istehsalının 75% -ni təmin edir, yəni müharibə illərində havaya qalxan hər 4 təyyarədən 3-ü Bakı yanacağı ilə düşmənə zərbə endirirdi. Bəs o dövrdə kimyaçı alim Yusif Məmmədəliyevin yüksək oktanlı aviasiya yanacağı ilə əldə etdiyi uğurların dəyəri? Bunu nəzərdən qaçırtmaq düzgün deyil axı.
Azərbaycan neftinin o zamankı dəyərini qiymətləndirərkən heç şübhəsiz “İkinci Bakı” termininə də diqqət yetirmək lazımdır. Məsələ burasındadır ki, artıq 1941-ci ilin oktyabrından “Azneftkəşfiyyat” Trestinin əməkdaşları mümkün geoloji kəşfiyyat işləri aparmaq üçün mobilizə olunur və Volqa boyuna ezam olunurlar. Ancaq bu ezamiyyət bir birinin ardınca müharibə illərində yeni yataqların kəşf edilməsi ilə nəticələnir. Təkcə 1941-ci ilin sonu -1942-ci ilin əvvəllərində Abşeron mədənlərində çalışan 3762 nəfər Azərbaycanı tərk edərək “İkinci Bakı” əməliyyatlarına cəlb edilir. Onlar təbii ki, əliboş getmirdilər, Azərbaycandan qazma avadanlığı, qazma qurğuları və sonradan hasilat üçün lazım olan bütün ləvazimatları da aparırdılar.
Ötən əsrin 40-cı illərində neft sənayemizə dair məlumatları araşdırarkən maraqlı bir faktla da rastlaşdım. Sovet rəhbəri Stalin 1943-cü ildə Tehran konfransına Bakı üzərindən uçarkən neft buruqlarına və mədənlərinə tamaşa edə bilir. Geri dönərkən isə Bakıda Mir Cəfər Bağırovla görüşərkən niyə Abşeron mədənlərinin belə bərbad vəziyyətdə olması ilə maraqlanır. Stalin deyir ki, almanların Rumıniyadakı neft mədənlərinin fotolarına baxıb, orada buruqların yanında gül-çiçək bitir, burada isə vəziyyət bərbaddır! Bağırovun cavabı qısa olur: yoldaş Stalin, mədənlərə baxmaq üçün vəsait gərəkdir, çıxarılan neft isə cəbhəyə gedir. Yəni buna görə ortada qazanc yoxdur.
Sovet rəhbəri bu məsələni həll edəcəyini deyir və bir müddət sonra hökumətin qərarı ilə Bakıda hasil edilən neftin hər tonuna 50 qəpik İttifaq Fondundan əlavə vəsait ödənilməsi ilə bağlı qərar verilir. Bu vəsait neftin istismarına xərclənə bilməzdi. Onun təyinatı neft mədənlərinin abadlaşdırılması, neftçilərin mədəni istirahətinin və sosial vəziyyətinin yaxşılaşdırılması idi.
Bu, bir növ Azərbaycanın ilk Neft Fondu idi. Maraqlısı budur ki, həmin maddə üzrə vəsaitlərin daxil olması və xüsusi fondda cəmləşməsi 1959-cu ilin sonuna qədər davam edib. Belə ki, 1960-cı il Sovet İttifaqının büdcəsi müzakirə edilərkən, Yakutiya rəhbərliyi çıxardılan qızıl və almaza görə Moskvadan xüsusi yardımın alınması məsələsini qaldırır və misal kimi də Bakı neftinə tətbiq edilən ayırmaları göstərirlər. İttifaq rəhbərliyi bu məsələnin digər mineral resurslar və qiymətli metallar hasil edən respublikalar arasında yayılmaması üçün Bakının “neft fondunu” ləvğ edir.
Beləliklə, tariximizdə neftin xüsusi əhəmiyyət daşıması aydındır. Hələ bundan sonra da bir xeyli müddət daşımaqda davam edəcək və bu, onun hansı qiymətdə olmasından asılı olmayacaq, çünki “qara qızılın” tariximizdəki dəyəri qiymətsizdir.
Bizim.Media