Azərbaycan D-8 təşkilatının turizm nazirlərinin IV iclasında təmsil olunub
Azərbaycan mayın 5-6-da Misirin paytaxtı Qahirədə keçirilmiş D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Yüksək Səviyyəli Rəsmilərinin 5-ci görüşü və Turizm Nazirlərinin IV iclasında təmsil olunub.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumata görə, ölkəmizi tədbirlərdə agentliyin sədrinin müşaviri Kənan Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
K.Quluzadə çıxış edərək iqtisadiyyatın əsas sahələrindən biri kimi turizmin inkişafına dövlət tərəfindən diqqət ayrıldığını qeyd edərək ölkəmizin son illərdə irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. O, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində COP tədbirləri tarixində ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyinə salınması, indiyədək 70-dən çox ölkənin tərəfdar çıxdığı “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” haqqında məlumat verərək D-8 təşkilatının üzvlərini bəyannaməyə qoşulmağa çağırıb.
K.Quluzadə, həmçinin Azərbaycanın 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun Bakı şəhərində keçiriləcək 13-cü sessiyasında (WUF13) iştirak etməyə dəvət edib. Müşavir qeyd edib ki, Azərbaycan D-8 çərçivəsində üzv ölkələrlə turizm əlaqələrinin inkişafına töhfə verməyə hazırdır.
İclasın sonunda üzv ölkələr arasında turizm sahəsində qarşılıqlı əməkdaşlıq və regional inkişaf sahəsində yeni imkanlar yaratmağı nəzərdə tutan “D-8 Turizm Əməkdaşlığı 2025 üzrə Qahirə Bəyannaməsi” qəbul edilib və Türkiyənin Antalya şəhəri 2025-ci il üçün təşkilatın turizm şəhəri seçilib.
Bu ilin I rübündə D-8-ə üzv ölkələrdən Azərbaycana 160 mindən çox ziyarətçi gəlib.