Erməniləri belə təəccübləndirən yalan: Dekontinyi Ermənistanı "azadlıq vadisi" kimi görür - ŞƏRH
“Ermənistanı dəstəkləməklə biz demokratiyanı müdafiə etmiş oluruq”, - deyə o vurğulayıb. Hətta İrəvanı regionda “azadlıq vadisi” kimi qələmə verməkdən də çəkinməyib.
Adıçəkilən diplomatın anti-Azərbaycan, qatı ermənipərəst mövqeyi ilə seçildiyi bəllidir. Dəfələrlə Qarabağda məhv edilən separatçılara dəstək nümayiş etdirib və erməni lobbisinə yaxınlığı ilə seçilib. Bu dəfə isə “X”də yazdığı statusla lap “gül” vurub. Anti-Azərbaycan bəyanatları ilə tanınan səfirin söylədikləri başdan-ayağa yalan və Ermənistan reallığı ilə daban-dabana ziddir. Görünür, o bu cəfəngiyyatı tirajlamaqla Ermənistan hakimiyyətinə xoş gəlməyə çalışıb. Lakin, necə deyərlər, Dekotinyi bir söz deyir, ermənilər başqa bir söz.
Onun səsləndirdiyi fikirlərin yalan və populist olduğunu beynəlxalq təşkilatlar, o cümlədən yerli təşkilatların hesabatları alt-üst edir. Ermənistanın Söz Azadlığının Müdafiəsi Komitəsinin (SAMK) sədri Aşot Melikyan fransalı diplomatın dediklərinə cavab olaraq bildirib ki, ölkə yarıazad mətbuata malik ölkələr arasında olmağa davam edir və bölgədə lider mövqe tutsa da, nəzərəçarpan irəliləyişin olmaması narahatlıq doğurur. O qeyd edib ki, bu fakt beynəlxalq insan hüquqları təşkilatı “Freedom House”un hesabatı ilə təsdiqlənir, hansı ki Ermənistanda söz azadlığını mümkün 4 baldan 2 balla qiymətləndirib.
Göründüyü kimi, faktlar, hesabatlar və Ermənistan daxilində fəaliyyət göstərən təşkilatların hazırladıqları materiallar fransalı diplomatın fikirlərini alt-üst edir.
Qanunverici orqanın divarları arasında baş vermiş insidentlərə toxunan Melikyan qeyd edib ki, ən çox diqqət çəkən Ermənistanın parlament sədri Alen Simonyanın iştirakı ilə baş vermiş münaqişəli vəziyyətlərdir, hansı ki, təkcə müxtəlif xoşagəlməz insidentlərin iştirakçısı olmayıb, hətta məhkəməyə iddia təqdim edib. Daha sonra o, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryanın jurnalisti təhqir etdiyi hadisəni xatırladıb, hansı ki, ondan üzr istəməyib və öz davranışını qeyri-əxlaqi hesab etməyib.
Sonra Melikyan Gümrüdə baş vermiş hadisələri xatırladıb, hansı ki, hakim qüvvənin keçmiş deputatı Vilen Qabrielyan jurnalistlərlə mübahisəyə girişib və onlara qarşı nalayiq sözlər işlədib. "Bununla yanaşı, qeyd edim ki, Gümrüdə seçkilər zamanı sakinlər də jurnalistlərə qarşı hörmətsiz münasibət göstəriblər və demək olar ki, proses qalmaqallı olub", - deyə təşkilat rəhbəri vurğulayıb.
SAMK-ın rəhbəri, həmçinin diqqətə çatdırıb ki, 15 yeni məhkəmə iddiasından 12-si dövlət orqanları və hakimiyyət orqanları nümayəndələri tərəfindən verilib, iki iddia informasiya agentliyi ilə digər KİV arasında müəllif hüquqlarının qorunması məsələləri ilə bağlı mübahisəyə aiddir, bir iddia isə vətəndaş tərəfindən verilib. "Böhtan və təhqirlə bağlı işlər hələ də üstünlük təşkil edir, bu yenilik deyil. Lakin keçən illə müqayisədə iki hal var ki, bu böhtan və ya təhqirlə bağlı deyil, məhz müəllif hüquqlarının pozulmasına aiddir", - deyə Melikyan qeyd edib.
2024-cü ilin aprelində "Freedom House" Ermənistanın milli administrasiyasının reytinqini endirib və insan hüquqlarının ciddi pozuntularını, o cümlədən Predator casus proqramlarından istifadəni qeyd edib. Ermənistan Jurnalistlər İttifaqı (EJİ) respublika hakimiyyətini media nümayəndələrini təqib etməkdə və qorxutmaqda ittiham edib. "Parlament üzvlərinin jurnalistlərə qarşı son hücumlarını, o cümlədən sosial şəbəkələrdə və özlərini media adlandıran onlara bağlı veb-saytlarda, başqa cür izah etmək mümkün deyil", - EJİ-nin bəyanatında deyilir.
Bəyan edilib ki, Ermənistanı "demokratiya qalası" elan edən hakimiyyət yalançı demokratiya və saxta qərb dəyərləri pərdəsi altında jurnalistləri və KİV-ləri təqib edir, söz azadlığı hüququna mane olur və beləcə son dərəcə ağır şəraitdə işləyən KİV-lərə və jurnalistlərə qarşı nifrət yayır. İttifaqda hesab edirlər ki, Ermənistanda söz azadlığı məqsədyönlü təbliğat, informasiya qisası və yalan yayan cəmiyyətlə manipulyasiya alətinə çevrilib.
Çox güman ki, Dekotinyi də qeyd olunan faktları bilməmiş deyil. Sadəcə, onları yada salmaq sərf etmir.(Report)