“Amnesty International” və avrodeputatların separatçı sevgisi - ŞƏRH
Adları yuxarıda qeyd olunan təşkilatlar sırasında “Amnesty International” Azərbaycanla bağlı xüsusi qərəzi və ikili yanaşması ilə seçilib. Erməni lobbisinin təsiri altında olan təşkilat işğal dövründə hüquqları pozulan Azərbaycan vətəndaşları ilə bağlı heç bir hesabatla çıxış etməyib. Azərbaycan işğala son qoyduqdan sonra isə Qarabağdan könüllü çıxan erməniəsilli insanların müdafiəçisi qismində çıxış etməyə başlayıb.
Erməni mediasında yer alan xəbərlərə görə, təşkilat Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarının pozmaqda ittiham edib. Yenə də hər hansı bir fakt və hesabat təqdim edilməyib. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına hazırlıq getdiyi bir vaxtda Qarabağı yenidən “mübahisəli” bölgə adlandırmaqdan çəkinməyib. İddia edilib ki, keçmiş Laçın yolu vasitəsilə Ermənistandan Qarabağa giriş məhdudlaşdırılıb ki, bu da ciddi humanitar böhran yaradıb.
Göründüyü kimi, “Amnesty International” üzdəniraq “hesabatı”nda bir fakt belə səsləndirə bilməyib. Hətta Ermənistan özü belə Qarabağı könüllü tərk edən insanlara qarşı hər hansı bir tənqid və ciddi ittihamlar ortaya qoymayıb. Ortada isə BMT-nin 2023-cü ilin sentyabr hadisələrindən sonra faktaraşdırıcı missiyasının hesabatı var. Həmin hesabatda bölgəni könüllü tərk edən insanlarla bağlı hər hansı bir ittiham əks olunmayıb.
Maraqlı olan həm də digər məsələdir. Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar aparılır. Hətta İrəvan rəsmiləri sülh sazişinin imzalanacağı yer və vaxt barədə danışıblar. Belə olan halda “Amnesty International”ın bədnam bir hesabat yayması heç bir əndazəyə sığımır. Bu, bir daha onların vahid mərkəzdən idarə olunduqlarına işarədir. Erməni lobbisinin maliyyəsi ilə hərəkət edən bu və digər təşkilatlar hər vəchlə bölgədə sülh və əmin-amanlığın yaranmasına qarşıdırlar.
“Xoş xəbərdir ki, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik. Biz o insanları tanıyırıq, səfirliklərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan insanları tanıyırıq və biz ABŞ Prokurorluğuna, hüquq-mühafizə orqanlarına cənab Trampın sələflərinin qeyri-qanuni dağıdıcı fəaliyyəti haqqında bütün məlumatları təqdim etməyə hazırıq”.
Digər bir məsələ 2023-cü il sentyabr hadisələrindən, ermənilərin bölgəni könüllü tərk edərkən zor tətbiq edildiyini iddia edən “Amnesty İnternational” bir dəfə də olsun Ermənistanın Azərbaycana kasetli bombalar atmasına diqqət ayırmayıb. Qeyd edək ki, kasetli bombalar qadağan olunmuş bombalar sinfinə daxildir. 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun olaraq onun yaşayış ərazisinə, dinc əhaliyə atılması qadağandır. Həmişə ölkəmizə qarşı qərəzli bəyanatlar verən bu təşkilat nədənsə dinc əhalimizin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını da “görmür”. Halbuki, “Amnesty İnternational” təşkilatının bəyanatlarının birtərəfli, qərəzli olması barədə rəsmi Bakı dəfələrlə təşkilata müraciət göndərib, foto-video sübutları təqdim edib. Lakin hamısı da cavabsız qalıb.
Bütün bunlar onların məlum dairələrin əlində bir siyasi vasitə kimi çıxış etdiyini və Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkilik siyasəti apardığını sübut edir.
Yeri gəlmişkən, anti-Azərbaycan qüvvələrin sırasında Avropa Parlamentinin fəaliyyətini də xüsusi qeyd etmək olar. Anti-Azərbaycan qüvvələrin önündə gedən qurum və onun deputatları dəfələrlə ölkəmizə qarşı qərəzli mövqe ortaya qoyublar. “Amnesty International”la eyni mövqedən çıxış edir. Separatçılara dəstək nümayiş etdirməkdə davam edirlər. İrəvana gələn avrodeputatlar Nikol Bey və Nikol Metçdorf anti-Azərbaycan fəaliyyətlə yadda qalıblar. Onlar “Artsaxın səsini Avropa platformalarına çatdıracağıq”, - deyə iddia ediblər.
Göründüyü kimi, anti-Azərbaycan qüvvələr hər vəchlə bölgədə sülh və əmin-amanlığın qurulmasına əngəl olmağa çalışır, bir növ “ermənidən artıq erməni olmaq”da davam edirlər. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik”.
Beləliklə, əminliklə deyə bilərik ki, indiki canfəşanlıq da əvvəlkilər kimi məhvə və iflasa məhkum olacaq.(Report)