Gəncədə Güclü Külək Ciddi Fəsadlara Səbəb Oldu
14 may 2025-ci il tarixində Gəncə şəhərində baş verən güclü külək və intensiv leysan yağışları şəhərdə ciddi fəsadlar törədib. Gecə saatlarında başlayan hava hadisəsi şəhərin müxtəlif ərazilərində təhlükəli vəziyyətlər yaradıb.
Güclü külək nəticəsində iri gövdəli ağaclar aşıb, bu isə bir neçə yolda nəqliyyatın hərəkətinə maneələr yaradıb. Xüsusilə Nizami Gəncəvi prospektində baş verən hadisə diqqət çəkib – burada yerləşən obyektlərdən birinin dam örtüyü küləyin təsirindən qoparaq yolun hərəkət hissəsinə düşüb. Bu hal həm nəqliyyat vasitələrinin, həm də piyadaların təhlükəsizliyini ciddi şəkildə təhdid edib.
PatriotNews.az xəbər verir ki, leysan yağışlarının təsiri ilə bəzi fərdi yaşayış evlərinin zirzəmilərini sel suları basıb. Sakinlər tərəfindən aidiyyəti qurumlara müraciətlər edilib və hadisə yerinə müvafiq xidmətlər cəlb olunub.
Eyni zamanda, külək elektrik xətlərinə də ziyan vurub. Nəticədə şəhərin bir neçə ərazisində enerji təchizatında fasilələr yaranıb. Aidiyyəti üzrə xidmətlər nasazlıqların aradan qaldırılması üçün tədbirlər görür.
Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraitinin davam etdiyi bildirilir. Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumlar gücləndirilmiş iş rejimində çalışaraq, yaranan fəsadların aradan qaldırılması və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətlərini davam etdirirlər.
Sakinlərə təhlükəsizlik qaydalarına riayət etmələri və ehtiyac olmadığı təqdirdə açıq havaya çıxmamaq tövsiyə olunur.
Patriot News.az