Türk Mətbəxinin Ləzzət Səfəri Gəncədə Davam Edir
Patriot News.az xəbər verir ki, Türkiyənin zəngin kulinariya irsini dünyaya tanıtmaq məqsədi daşıyan Türk Mətbəxi Həftəsi çərçivəsində Gəncədə “Türk Mətbəxinin Klassik Yeməkləri” mövzusunda möhtəşəm ziyafət təşkil olunub. Mayın 21-dən 27-dək qeyd olunan ənənəvi tədbir Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü ilə həyata keçirilib.
Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti və digər rəsmi qurumların nümayəndələri, eləcə də iş adamları iştirak ediblər.
Çıxışında Recep Öztop bildirib ki, bu tədbirlər vasitəsilə minilliklər boyu formalaşmış Türk mətbəxi və qonaqpərvərlik ənənələri dünyaya tanıdılır. Bu il isə diqqət mərkəzində klassik yeməklər və onların mədəni dəyərlərlə əlaqəsi dayanır.
Ziyafət zamanı qonaqlara mövzuya uyğun olaraq hazırlanmış klassik Türk yeməkləri təqdim olunub.
@Patriot News.az