Azərbaycanın Avropadakı yaxın dostu və strateji tərəfdaşı
Macarıstan Azərbaycanla sıradan münasibətləri olan dövlət deyil. Avropa İttifaqının üzvü olan Macarıstan respublikamızın ən yaxın dostları və strateji tərəfdaşları sırasına daxil olan dövlətlərdən biridir. Cənab Prezident İlham Əliyevin may ayının 20-21-də Budapeştə işgüzar səfəri bu həqiqətin növbəti bariz təsdiqi oldu.
Sözsüz ki, Azərbaycan-Macarıstan münasibətlərinin təməlində onların dostluğu və xalqlarının bağlı olduğu tarixi köklər dayanır. İki ölkə arasında digər oxşar cəhətlər, o cümlədən yaxın keçmişdə sosializm düşərgəsinə mənsub olmaları, iqtisadi keçid dövrünü uğurla başa vurmaları baxımından da paralellər aparmaq olar. Amma ən əsası odur ki, Azərbaycan və macar xalqlarını ortaq dəyərlər bir birinə bağlayır və bu, əlaqələrə təsir edən amil kimi özünü göstərir. Cənab Prezident İlham Əliyev də Budapeştdə mətbuata bəyanatla çıxışında bu məsələyə xüsusilə toxundu.
Məhz bu amildən irəli gələrək respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Macarıstanla münasibətləri artan xətt üzrə inkişaf edib. 2014-cü ilin noyabrında imzalanan “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” ilə hər iki dövlət əlaqələrin strateji səviyyəyə yüksəldiyini bəyan ediblər. 2023-cü il ilin yanvarında imzalanan “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” isə strateji tərəfdaşlığı daha da möhkəmləndirib və iki dövlət arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub.
Əlaqələrin inkişafında digər mühüm faktor hər iki dövlətin daim bir-birinə dayaq olmasıdır. Avropa İttifaqının üzvü olan Macarıstan bu siyasi platformada Azərbaycanın maraq və mənafelərini həmişə müdafiə edib və etməkdədir. Öz növbəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin, xüsusən də son dövrlərdə daha da aktuallaşdığı bir şəraitdə dost Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük dəstək verib və verməkdədir. Azərbaycanı və dövlətimizin başçısını macar xalqına daha da doğma edən amillərdən biri məhz budur. Bu mənada Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata bəyanatla çıxışında «Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub» deməsi olduqca qürurvericidir. Bu sözlər Prezident İlham Əliyevin dostlara dayaq duran və sözü imzası qədər dəyərli olan siyasi lider olduğunu bir daha təsdiq edir.
Bu gün Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqının 8 dövlətinə təbii qaz ötürür ki, onlardan da biri Macarıstandır. Amma iki dövlətin enerji sahəsində əməkdaşlığı bununla bitmir. Macarıstan şirkətləri ölkəmizin əsas iki neft və qaz layihəsində Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında fəal iştirak edirlər və bu, iki dövlət arasındakı dostluğun mühüm göstəricisidir. Baş nazir Viktor Orban isə bunu həm də mənəvi məsələ olaraq dəyərləndirir.
Macarıstan Azərbaycanın həm də «yaşıl enerji» sahəsində Avropadakı əsas tərəfdaşlarından biridir. 2022-ci ilin dekabrında “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə iki dövlətin «yaşıl enerji» sektorunda da əməkdaşlığının təməli qoyulub.
Bir vacib məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycan dövlətlərarası münasibətlərdə və beynəlxalq siyasi-iqtisadi platformalarda özünün aydın və konkret mövqeyi, müstəqil siyasəti ilə tanınır. Azərbaycanı dünyaya tanıdan digər faktorlar əməkdaşlığa sadiq olması, tərəfdaşlarına arxa durmasıdır. Elə buna görə Prezident İlham Əliyevin proseslərə baxışı, verdiyi qərarlar, atdığı addımlar siyasi liderlər tərəfindən də maraqla izlənilir və yüksək qiymətləndirilir. Prezident İlham Əliyevə xas olan yüksək siyasi cəhətlər həm də nümunəyə çevrilib. Bunu Macarıstan Baş nazirinin hələ 2023-cü ildə söylədiyi «Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm» fikri də təsdiq edir.
Macarıstan da ziddiyətlərlə dolu dünya nizamında Azərbaycan kimi müstəqil siyasət yürütməyin nümunəsini yaradan dövlətlərdəndir. Məlum olduğu kimi Avropa İttifaqına üzvlük beynəlxalq siyasi və iqtisadi proseslərdə milli maraqlardan və mənafelərdən müəyyən dərəcədə imtinanı və vahid yanaşmanı tələb edir. Lakin reallıq ondan ibarətdir ki, Avropa İttifaqının vahid siyasi konsepsiyasının mərkəzində əsasən Fransa və Almaniya kimi dövlətlərin maraqları dayanır. Bu mənada Macarıstanın timsalında Avropa İttifaqının sərt tələbləri fonunda fərqli və müstəqil siyasət həyata keçirən bir dövləti görmək mümkündür. Rəsmi Budapeşt öz qətiyyətli siyasəti ilə heç bir halda öz maraqlarının Avropa İttifaqının iri dövlətlərinin monopoliyası altına düşməsinə imkan vermir.
Macarıstanın bu qətiyyətli siyasəti beynəlxalq səviyyədə maraqla qarşılanır və təqdir olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq böyük qəhrəmanlıq və siyasi iradə tələb edir: «Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var».
Yuxarıda qeyd olunan sitatlardan görünən həm də odur ki, Prezident İlham Əliyev və Baş nazir Viktor Orban bir-birilərinə dostum deyə müraciət edirlər. Bunun özü də Azərbaycan-Macarıstan əlaqələrinin bugünkü yüksək siyasi mənzərəsini müəyyən edən mühüm faktordur. İndiyədək Prezident İlham Əliyevin Macarıstana 6, Baş nazir Viktor Orbanın isə Azərbaycana 7 dəfə səfər etməsi bu dostluğun mühüm göstəricisi sayıla bilər. Bu səfərlərin hər bir təbii ki, əlaqələrin inkişafına təkan verib. Prezident İlham Əliyevin Macarıstana mayın 20-21-də etdiyi işgüzar səfərin də iki dövlət arasındakı əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcəyi şübhəsizdir.
Macarıstanla Azərbaycanı bir-birinə yaxın edən, onların dostluğunu daha da möhkəmləndirən amillərdən biri də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqdır. Mayın 21-də məhz Macarıstanın təşəbbüsü ilə Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi isə macar xalqını öz tarixi köklərinə bağlı olduğunu göstərdi.
Azərbaycan-Macarıstan münasibətləri dostluğa və tarixi dəyərlərə əsaslanan təməllər üzərində formalaşaraq inkişaf edir. Cənab Prezident İlham Əliyevin dost ölkəyə işgüzar səfəri isə bu təməlləri daha möhkəmləndirir və əlaqələrdə yeni səhifə açır.