Tibb bacıları – Sağlamlığımızın görünməyən qəhrəmanları
Hər il mayın 12-də dünyada Beynəlxalq Tibb Bacısı Günü qeyd olunur. Bu gün tibb bacılarının cəmiyyətin sağlamlığının qorunması və insanların həyatında oynadığı mühüm rola diqqət çəkmək, onların əvəzsiz əməyini qiymətləndirmək üçün əlamətdar bir gündür.
Tibb bacıları səhiyyə sisteminin ən önəmli sütunlarından biridir. Onlar xəstələrin ilk tibbi yardımı ilə qarşılaşdığı, ən çətin anlarında yanlarında olan, həkim və ya feldşerlərin verdiyi göstərişləri yerinə yetirərək pasiyentlərin sağalması üçün çalışan fədakar insanlardır. Gecə-gündüz, istirahət bilmədən, böyük səbir və məsuliyyətlə çalışaraq minlərlə insanın həyatına toxunurlar.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 1400-dən artıq tibb bacısı çalışır. Bu mütəxəssislər xəstələrin gündəlik baxımı, dərmanların vaxtında verilməsi, psixoloji dəstəyin göstərilməsi və digər çoxsaylı vəzifələri icra edirlər. Xüsusilə pandemiya dövründə tibb bacılarının əməyi daha da ön plana çıxdı – onlar həyatlarını riskə ataraq xəstələrin yanında oldular, yorulmadan xidmət etdilər.
Tibb bacısı olmaq yalnız peşə deyil, həm də bir missiyadır. Bu peşəni seçən insanlar yardım etməyə, şəfqət göstərməyə, qayğı ilə yanaşmağa ürəkdən bağlı olurlar. Onların əllərində şəfa, sözlərində ümid, baxışlarında isə güvən var.
Bu əlamətdar gün münasibətilə bütün tibb bacılarını səmimi qəlbdən təbrik edir, onların gərgin və məsuliyyətli əməyinə görə təşəkkür edirik. Sağlamlığımızın keşiyində duran bu görünməyən qəhrəmanlara can sağlığı, peşəkar uğurlar və həyatlarında daim sevinc arzu edirik!
Müəllif: Ceyhun Əliyev