Azərbaycanda blogerlər vergiyə cəlb olunacaq?
Azərbaycanda da bahalı həyat nümayiş etdirən, geniş izləyici auditoriyası olan, müxtəlif mağaza və markalarla reklam işləri görən blogerlərin sayı az deyil
Maraqlıdır, ölkəmizədə də reklama görə vergiyə cəlb olunma tətbiq edilə bilərmi?
Məsələ ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli əslində, bahalı həyat göstərməyin cinayət işi olmadığını deyib.
O bildirib ki, bunun çıxış yolu dünyada tətbiq olunan gəlir vergisi bəyannaməsidir:
“Şəxsin kimliyindən asılı olmayaraq, onun mütləq gəlir vergisi bəyannaməsi olmalıdır. Dünyada da belədir ki, ildə bir dəfə vəzifəsindən, statusundan asılı olmayaraq, bütün vətəndaşlar gəlir bəyannaməsi təqdim etməlidirlər. Bizdə də buna keçmək daha məqsədəuyğundur”.
İqtisadçının sözlərinə görə, Azərbaycanda da əvvəl gəlir deklorasiyasının təqdim edilməsi ilə bağlı qayda qəbul olunub:
“Lakin bunun tətbiqi nədənsə gecikdirilir. İnsanlar VÖEN açmalı və bütün gəlirlərini onun vasitəsilə rəsmiləşdirməlidirlər. Bəzi hallarda insanlar pulu xarici platformalardan qazanırlar. Yəni reklam gəlirləri və s. Bunlar da bəyannamədə əks olunmalıdır. Sadəcə, tənzimlənmə mexanizmi tapılmalıdır. Bunun da ən sadə yolu illik gəlir bəyənnaməsidir. Asan və optimal variantdır”.