Gəncədə müəllim beşinci sinif şagirdini DÖYDÜ
Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin müəllimi şagirdini döyüb.
Patriot News.az Gencexeber.az istinadən məlumat verir ki, təhsil ocağının 5-ci sinif şagirdi Ə.Hüseynov müəllim tərəfindən döyülüb. Azyaşlının babası Ələddin Hüseynov bildirib ki, bu, ilk hadisə deyil. Daha öncə də nəvəsi sözügedən müəllim tərəfindən şiddətə məruz qalıb.
"Başını bir neçə dəfə divara çırpıb. Uşaq yerə yıxılıb və qolu əzilib. Hazırda sarğıdadır. Hadisə iki gün öncə baş verib. Növbəti gün gəldik məktəbə, müəllimi gözlədik. Soruşduq niyə vurmusan? Kollektivin qarşısında mənə dedi ki, vurmuşam, yaxşı eləmişəm.
Atası axşam uşağı həkimə apardı, sarğı qoydular. Polisə də məlumat vermişik. İzahat da vermişik. Sabahadək uşaq başının ağrısından dura bilmir. Hadisədən sonra da məktəbə getmir" - Ə. Hüseynov əlavə edib.
Redaksiyamız tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə məsələnin araşdırılması üçün ünvanlanan sorğuya cavab olaraq qurumdan bildirilib ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və məktəb daxilində nizam-intizam qaydalarına əməl edilməsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür:
“34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.