Samux rayonunda Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlunun əziz xatirəsi şəhadətinin il dönümündə böyük ehtiramla yad edilib.
Samux Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, şəhidin valideynləri, dostları, yaxınları və rayon ictimaiyyəti iştirak edib. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Məktəblilər şəhidlər haqqında şeirlər deyiblər.
Məmmədli Həsən Qəhrəman oğlu 8 iyul 1995-ci il tarixdə Samux rayon Çobanabdallı kəndində anadan olub. Samux rayon Qarabağlar kənd tam orta məktəbinin məzunu olub. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb.
Samux rayon Çobanabdallı kənd tam orta məktəbinin direktorunun təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışııb. İxtisasca müəllim olan şəhid Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak edib. 5 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 28 noyabr 2020-ci il tarixdə Samux rayonunun Çobanabdallı kəndində dəfn olunub.
Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin, igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
@Patriot News.az