İran XİN: ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb
Bunu İslam Respublikasının xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Esmail Baqai bildirib.
“Qarşı tərəf (ABŞ – red.) elə davranırdı ki, dialoq mənasız oldu. Danışıqlara hazır olduğunu bəyan edib, eyni zamanda sionist rejiminin İran ərazisinə zərbələr endirməsinə imkan verərək əməliyyatları koordinasiya etmək olmaz”, – agentlik diplomatdan sitat gətirib.
Xatırladaq ki, Tehran nüvə proqramı üzrə Amerika – İran danışıqlarının beşinci raundu mayın 23-də Romada keçirilib. Müzakirələrin nəticələrinə görə, danışıq prosesində vasitəçi funksiyasını yerinə yetirən Oman xarici işlər naziri Badr əl-Busaidi ABŞ və İranın “müəyyən, lakin yekun olmayan irəliləyişə” nail olduğunu bildirib.
Daha sonra Ağ Ev rəhbəri Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb ki, Vaşinqton potensial nüvə proqramı sazişi çərçivəsində Tehranın uranı zənginləşdirməsinə icazə verməyəcək.
Bununla yanaşı, “Axios” portalı xəbər verib ki, Amerika Birləşmiş Ştatlarının İrana nüvə ətrafında fikir ayrılıqlarının həlli yolları ilə bağlı təklifləri, amerikalı rəsmilərin bu barədə açıq bəyanatlarına baxmayaraq, Tehranın uranı zənginləşdirməsinin davam etdirilməsini nəzərdə tutur.
Danışıqların altıncı raundu bazar günü Maskatda keçirilməli olsa da, İsrail zərbələrindən sonra onun keçirilməsi sual altına düşüb.