Saleh Məmmədov Gəncə şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin aprel ayı üçün müəyyən olunmuş qəbul cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Gəncə şəhərində vətəndaş qəbulu keçirib. Qəbul Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutub.
Patriot News.az xəbər verir ki Qəbuldan əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Saleh Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Görüş zamanı Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası, yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, məsələlərin operativ şəkildə araşdırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Qaldırılan problemlərin bir qismi yerində həll olunub, əlavə araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb.
Vətəndaşlar bölgələrdə bu cür qəbulların təşkil olunmasından məmnunluqla söz açaraq, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.