Gəncədə Akademik Zərifə Əliyevanın 102 illik yubileyinə həsr olunmuş Oftalmoloji Konfrans keçirilib
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Oftalmoloji Konfrans baş tutub.
Tədbirdə Gəncə ŞBX-nin tabeliyindəki tibb müəssisələrində fəaliyyət göstərən oftalmoloqlarla yanaşı, Bakı şəhərindən də dəvət olunmuş ixtisaslı həkimlər iştirak ediblər. Konfrans iştirakçıları oftalmologiya sahəsindəki yeniliklərlə bağlı məruzələrlə çıxış edərək, təcrübələrini bölüşüblər.
Konfransı Gəncə ŞBX-nin direktoru İlkin İsmayılov açaraq, tədbir iştirakçılarını salamlayıb və ölkəmizdə oftalmologiya sahəsində görülən işlər, əldə olunan nailiyyətlər haqqında geniş məlumat verib.
Daha sonra çıxış edən Akademik Zərifə Əliyeva adına xəstəxananın Oftalmoloji şöbəsinin müdiri Tələt Nəbiyev Gəncə şəhərində göz xəstəlikləri ilə bağlı aparılan müalicə, əməliyyat və diaqnostika işləri barədə statistik göstəriciləri təqdim edib.
Konfransda “Göz sağlamlığında süni intellektin rolu və ağıllı eynəklər”, “Pozner-Şlossman sindromunun kəskin qlaukoma ilə differensial diaqnozu”, “Kəskin miyeloid leykemiyanın oftalmoloji əlamətləri”, “Ambliopiya” və “Keratitlər” kimi aktual mövzular ətrafında geniş təqdimatlar edilib, elmi müzakirələr aparılıb.
Tədbir oftalmologiya sahəsində bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, habelə bu sahədə gələcək əməkdaşlıqların təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.