Fransanın Mayot qorxusu: adanı itirmək geosiyasi və geoiqtisadi maraqlara ziddir - ŞƏRH
Yeri gəlmişkən, Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq məqsədilə yaradılmış Bakı Təşəbbüs Qrupu bu istiqamətdə uğurlu nəticələr əldə edib. Beynəlxalq səviyyədə tədbirlər keçirib, neokolonializmə qarşı ciddi təşəbbüslərlə çıxış edib. Məhz Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin nəticəsidir ki, BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın neokolonializm siyasətini sərt tənqid edən hesabatla çıxış edib.
Fransanın bir hissəsi olaraq Mayot ölkəyə balıqçılıq, neft və qaz kəşfiyyatı kimi dəniz resursları üzərində əhəmiyyətli hüquqlar təmin edən genişləndirilmiş Eksklüziv İqtisadi Zonaya giriş imkanı verir. Eksklüziv İqtisadi Zona ölkənin sahil zolağından 200 dəniz milinə (təxminən 370 km) qədər uzanan dəniz zonasıdır və burada həmin ölkənin dəniz ehtiyatlarını kəşf etmək, ondan istifadə kimi xüsusi hüquqları var.
Mayot ətrafındakı Eksklüziv İqtisadi Zona 70.000 kvadrat kilometrdən çox okeana çıxışı təmin edir. Buraya balıq ovu, mədənçıxarma, neft və qaz üçün qazma işləri, elmi tədqiqatların aparılması daxildir.
Mayot ətraf suları Fransanın dəniz iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən dünyanın ən böyük Eksklüziv İqtisadi Zonalarından birinə sahib olmasına kömək edir. Dənizaşırı ərazilərin sayəsində Fransa dünyada ikinci ən böyük Eksklüziv İqtisadi Zonaya malikdir. Mayotu özündə saxlamaqla Fransa materikdənkənar ərazilərdə qlobal güc olaraq siyasi irsini, mədəniyyətini və dilini miras saxlamağa çalışır. Mayotun itirilməsi Fransanın imperiya keçmişindən doğan böyük güc kimi nüfuzunun zəifləməsi kimi qiymətləndirilə bilər.
Eyni zamanda, Fransa qanunvericiliyinin vətəndaşlıq, din, torpaq mülkiyyəti və digər sahələrdə tətbiq edilməsi, çoxşaxəli sosial fəsadlara səbəb olmuş və soyğunçuluğu tamamlamış Mayot adasının Fransanın departamentinə çevrilməsinə son qoyulmalıdır.
Digər tələblər içərisində fransızların Mayota kütləvi köç etməsinə son qoyulması istənilir.
Onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı Fransanın Mayotda mövcudluğunun Qəmər İttifaqının milli birliyinin, ərazi bütövlüyünün, suverenliyinin pozulması olduğunu qətiyyətlə vurğulayan çoxsaylı qətnamələrlə aydın və birmənalı şəkildə pisləyiblər.
Beləliklə, hər 4 okeanda mövcudluq Fransanın qlobal güc kimi imicinin qorunub-saxlanması ambisiyası ilə bağlıdır. Mayotun itirilməsi Fransanın digər dənizaşırı əraziləri üçün presedent yarada bilər. Buna görə də Fransa hökuməti müstəqilliklə bağlı istənilən demarşa aqressiv reaksiya verir.
Yaxın vaxtlarda bu istiqamətdə aktiv fəaliyyətin başlayacağını gözləmək olar. Qeyd edilir ki, Mayot adası hazırda Fransanın müstəmləkə siyasətinə qarşı savaşmağa çalışır.(Report)