Qocalan İran əhalisi – yaşlanan cənubi azərbaycanlılar - ŞƏRH
Bu günlərdə isə İslam Respublikası parlamentinin Əhali və Ailəyə Dəstək fraksiyasının rəhbəri Farimə Məhəmmədbeygi bildirib ki, İranda əhalinin yaşlanması dünya göstəricisini keçib, yaşlı insanların sayının artımı dünya üzrə orta göstəricidən üç dəfə çoxdur. O, ölkədə əhalinin yaşlanması ilə bağlı mürəkkəb vəziyyəti vurğulayaraq “Əhali və Gənclər Qanunu”nun tam şəkildə həyata keçirilməsini sürətləndirməyə çağırıb.
Fatimə Məhəmmədbeygi bildirib ki, bu barədə qanunun elan edilməsindən təxminən iki il yarım keçib: “Ötən illər ərzində bu qanunun həyata keçirilməsi üçün bəzi platformalar hazırlanıb. Ancaq onun reallaşmasının ləngiməsi artımın yavaş getməsinə səbəb olub”.
O, məsələ ilə bağlı uyğun orqan və təşkilatlara şikayət etdiklərini də vurğulayıb.
Fraksiya rəhbəri hüquq-mühafizə orqanlarının iş sürətinin ölkədə əhalinin azalması və əhalinin yaşlanması ilə bağlı həyəcan doğuran vəziyyətin tempi ilə ayaqlaşa bilmədiyini vurğulayaraq əlavə edib ki, reproduktiv yaşda olan qadınların sayı 2017-ci ildən etibarən hər il beş faiz azalır: “Bu il biz ötən illə müqayisədə doğum sayında yeddi faiz azalma ilə üzləşmişik”.
Fatimə Məhəmmədbeygi əhalinin yaşlanması ilə bağlı narahatlığının hələ də anlaşılmadığını bildirib: “Görünür, biz hələ də gənc və ortayaşlı cəmiyyətdən yaşlanan cəmiyyətə keçdiyimizə inanmırıq".
Halbuki İran cəmiyyəti 1980-1988-ci illərdə İraqla müharibədə yüzminlərlə gənc vətəndaşını itirib. Səkkizillik müharibə zamanı itkilər demoqrafik inkişafa da mənfi təsir göstərib.
Yeri gəlmişkən, İkinci Dünya Müharibəsi zamanı keçmiş sovetlər dövründə milyonlarla insan itkisi sonrakı onilliklərdə özünü çox açıq şəkildə göstərmişdi.
İranda təkcə müharibə deyil, müxtəlif səbəblərdən milyonlarla insan ölkəni tərk edib. “Fact Statistics”in İran Ali Şurasının statistikasına əsasən bildirib ki, ABŞ bir milyon beş yüz min, Kanadada 400 min, Böyük Britaniyada 400 min, Birləşmiş Ərəb Əmirliyində 454 min iranlı mühacir yaşayır.
İranın miqrasiya üzrə statistikasına əsasən, 2020-ci ildə ölkəni 1 milyon 870 min vətəndaş tərk edib. Sonrakı illərdə onların sayı son 30 illə müqayisədə iki dəfə çoxalıb.
2020-ci ilədək əhali sayının nəzarəti üzrə geniş proqramlar həyata keçirilirdi. Səhiyyə Nazirliyinin bu sahədəki bəzi proqramlarına görə, sağlamlıq və gigiyena evlərinin yaradılması, qadınların, hətta kişilərin doğuşa nəzarət metodları ilə tanış edilməsi bu tədbirlərə daxil idi. Onlardan biri də pulsuz vazektomiyadır. Səhiyyə Nazirliyi əhali sayına nəzarət üçün kənd səviyyəsində də bu sayaq müxtəlif proqramları reallaşdırırdı. Təmiz su və ictimai tualetlər kimi əsas rifah, tibbi xidmətlərin aşağı səviyyədə olmasına baxmayaraq, kontraseptiv həblər kənd sakinlərinə pulsuz paylanırdı
Bundan başqa, gənclər və tələbələr arasında planlaşdırmaya dair məsələlər ciddi şəkildə təbliğ edilirdi.
Təkuşaqlı ailələr cəmiyyətdə geniş təbliğ olunmağa başladı. Ev təsərrüfatının ölçüsü (ailədəki insanların sayı) 1975 və 2006-cı illərdə müvafiq olaraq 4,4 və 4 nəfər idisə, bu rəqəm 2011-ci ildə 3,6 nəfərə qədər azaldı.
Hakimiyyətin həyata keçirdi planlaşdırmaya etiraz edənlər də az deyildi. Din xadimi Məhəmməd Hüseyn Hüseyni Tehrani “Əhalinin sayının azalması müsəlmanların sağlamlığına dəhşətli zərbə” adlı kitabında əhalinin azalması şüarını müstəmləkəçi şüar sayaraq ona qarşı çıxmışdı.
1979-cu ildən 2000-ci illərin əvvəllərinədək aparılan bu siyasət və təbliğat ölkə əhalisinin yaşlanmasında izini buraxıb.
Bildirilib ki, İranda iqtisadi, psixoloji və ictimai təhlükəsizliklə bağlı göstəricilər nikbinlik doğurmur. Bu sahələrdə problemlər cütlüklərin uşaq sahibi olmasına marağı azaldan amillərdir.
Ölkədə nikah və boşanma statistikasının araşdırılması göstərir ki, 2010-2023-cü illər arasında ölkədə nikahların sayı 46 faiz azalıb. Həmin dövrdə ölkədə boşanmaların sayı 47 faiz artıb.
Başqa bir məlumata əsasən, İranın Səhiyyə Nazirliyindən bildirilib ki, Danimarkaya 3 min iranlı tibb bacısı mühacirət edib.
Beləliklə, İranda əhalinin qocalmasının səbəblərini aşağıdakı kimi sıralamaq olar:
-Ölkədəki sosial problemlər;
-Siyasi məhdudiyyətlər;
-mühacirət;
-təzyiq və təqiblər;
-ailə məsələlərinə yersiz müdaxilə;
-selektiv abortlar;
-ailə daxilində və cəmiyyətdə hamilələrə uyğun diqqətin yetərli olmaması;
-yeni doğulanlara müəyyən yaş həddinədək müavinətin verilməməsi, yaxud bunun həcminin az olması;
-gənclər arasında ailə qurulmasının vacibiyinin təbliği və onlara şəraitin yaradılmaması və başqaları.
Əhali dövlətin varlığını təşkil edən ərazi, ordu, hakimiyyətlə yanaşı, dörd başlıca dayaqdan biridir. Onun sayı azalanda, əhali qocalanda dövlətin varlığı, o cümlədən təhlükəsizliyi şübhə altına alınır. O halda yerli əhalini gəlmələr əvəzləyər...(Report)