Paşinyan erməni kilsəsinə öz adamını gətirmək istəyir - ŞƏRH
Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında qalmaqal getdikcə dərinləşir. 2018-ci ildə hakimiyyətə gəldikdən sonra kilsəyə qarşı sərt mövqe tutan baş nazir bu günə qədər fasilələrlə hücumunu davam etdirib. İlk olaraq hakimiyyətə gəldiyi vaxtlarda kilsə mənsublarının mühafizəçilərini və geniş torpaq mülkiyyətini ləğv etməyi qarşısına məqsəd qoyan Nikol əslində Apostol Kilsəsinin nüfuzunu zəiflətməyi hədəf seçmişdi.
Sonrakı dövrlərdə Yeni Patriarx təşəbbüsü və müxtəlif təriqətlərin təşviqi formasında da hücumlar davam edib. Ötən il isə Ermənistanda uzun müddət gündəmdən düşməyən qalmaqal, yəni erməni kilsəsinin tarixi mövzusu da kilsəyə qarşı atılan planlı addımların bir hissəsi idi.
Sonradan isə tərəflər arasında sükut və “atəşkəs” hökm sürməyə başlasa da, son günlər baş verən iki hadisə hakimiyyəti, xüsusən də baş naziri özündən çıxarıb. Bunlardan biri “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanın yenidən ortaya çıxması və küçə mübarizəsinə start verəcəyini bəyan etməsi, eyni zamanda küçə döyüşləri üçün təşkilatlanma işlərinin başladığını bildirməsi olub.
Bundan əlavə, Katolikos II Qareginin İsveçrədə keçirilən beynəlxalq konfransda çıxışı və göndərdiyi siyasi ismarışlar var. Bu konfransda kilsə xadimi Qarabağ erməniləri və Qarabağdakı maddi irslə bağlı cəfəng fikirlər söyləməklə yanaşı, bu məsələdə birbaşa hökuməti günahlandırıb. Qaregin Paşinyanı Azərbaycan və Türkiyənin tələblərini yerinə yetirməkdə ittiham edib. Bu isə son günlər iki ölkə arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi ilə bağlı pozitiv siqnalların verildiyi bir dövrdə məqsədli şəkildə səsləndirilən bəyanatdır və onun məhz Avropada səsləndirilməsi bir sıra mətləblərdən xəbər verir.
Birincisi, sülh müqaviləsinin imzalanmasını ləngitmək üçün Qərbin bir sıra strukturları yenidən hərəkətə keçiblər və bu dəfə Kilsə üzərindən planlarını ortaya qoyublar. İkincisi, bu işdə Qarabağ erməniləri və Qarabağdakı maddi irs yeni kart kimi istifadə olunacaq və Apostol Kilsəsi bu məsələdə onlara dəstək duracaq. Üçüncüsü, Qərbin bir sıra strukturları erməni kilsəsinin erməni cəmiyyətinə təsir və nüfuzunu dərk etdikləri üçün planlarını bu dəfə baş nazir yox, məhz Qaregin vasitəsilə həyata keçirmək niyyətindədirlər. Artıq imzalanacaq sülh müqaviləsinə yeganə əngəlin kilsə ola biləcəyi müəyyən siyasi dairələr tərəfindən qəbul edilib.
Təbii ki, bu hadisələr erməni siyasi elitası tərəfindən də izlənilir və baş nazirin hökumət iclasında kilsəni kəskin tənqid etməsi, onları təhqir etməsi təsadüfi sayıla bilməz. Həftənin cümə günü sosial mediada Erməni Apostol Kilsəsinə və onun yüksək səviyyəli iyerarxlarına qarşı olduqca kobud ifadələr işlədən və arxiyepiskoplardan birini cinsi azğınlıqda ittiham edən sərt yazı dərc edib. Onun həyat yoldaşı Anna Akopyan isə ölkənin patriarxını baş mafioz, tənqidlərə reaksiya verənləri isə pedofil adlandırıb. Bu isə ölkədə geniş rezonansa səbəb olub və kilsə nümayəndələri ard-arda açıqlamalar verməyə başlayıblar.
Hər zaman olduğu kimi bu dəfə də müxalifət, xüsusən də Sarkisyan komandası kilsəyə züy tutur, baş nazir və həyat yoldaşı haqqında müxtəlif açıqlamalar verirlər. Baş verənlərə baxanda da görünür ki, baş nazirin əsas məqsədi kilsə ilə haqq-hesabı çürütmək, katolikosu yola salmaq və yerinə öz adamını gətirməkdir.
Qeyd edək ki, baş nazir din xadimlərinə qarşı müxtəlif kompromatların olduğuna işarə edib və yaxın günlərdə müəyyən faktların, rüsvayedici materialların ortaya töküləcəyini gözləmək olar. Ehtimal etmək olar ki, Paşinyan bu yolla kilsə rəhbərini sıradışı edəcək. Bu işdə hakim partiyanın üzvləri də boş durmurlar. Müxtəlif dövlət strukturlarında, məktəb və gimnaziyada rəhbər vəzifə tutan şəxslər sosial şəbəkələrdə aktivləşərək Paşinyanı dəstəkləyir, kilsəyə qarşı sərt mövqe tuturlar. Bir sıra sorğularda ictimai etimad məsələsində böyük dəstək görən kilsəni nüfuzdan salmaq, 2026-cı il parlament seçkilərinə qədər hücumları artırmaq, cəmiyyət arasında kilsə ruhanilərinin əxlaqsız, mənəviyyatsız obrazını yaratmaq görünür, siyasi elitanın yeni tapşırığıdır.
Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, Paşinyan bu dəfə daha qətiyyətlidir və konkret olaraq, kilsə ilə məsələni birdəfəlik həll etmək üçün rəhbərliyə ona tabe olan şəxsi gətirməyi qarşısına məqsəd qoyub.
Paşinyan bu dəfə bəyan edib ki, bütün ermənilərin katolikosunun seçilməsində dövlət həlledici səsə malik olmalıdır. Onun fikrincə, dövlət bu prosesdə əsas rol oynamalıdır və namizədlərdən etik normalara uyğunluq yoxlamasından keçmələri tələb olunur. Amma işin digər tərəfi də ondan ibarətdir ki, Ermənistan konstitusiyası bu müdaxiləyə imkan vermir. Konstitusiyada qeyd olunub ki, dini qurumlar dövlətdən ayrıdırlar və buna görə də onlar təqribən liderin seçilməsi prosedurunu özləri müəyyən edən ayrıca təşkilatlar kimi QHT qanunvericiliyi çərçivəsində fəaliyyət göstərirlər. Katolikos öz prosedur qaydalarına malik olan Milli Kilsə Assambleyası tərəfindən seçilir. Ona görə də dövlət heç bir tədbir görə bilməz, o cümlədən yoxlamalar apara bilməz.
Ona görə də ehtimal etmək olar ki, Konstitusiya dəyişikliklərində Paşinyan bu maddəyə də “əl gəzdirə” bilər. Təsadüfi deyil ki, artıq bu prosesə start verilib və Konstitusiya məhkəməsinə sədr və hakimlər təyinatı məhz hakim partiyanın diktəsi ilə həyata keçirilir. Proseslərin gedişi göstərir ki, Paşinyan erməni kilsəsi ilə son ölüm-dirim mübarizəsinə qalxıb və bu struktura öz adamını təyin edənə qədər dayanmayacaq.(Report)