Gəncə futbolunun veteranları: "Kəpəz klubunu qarşıda ağır günlər gözləyir"
31 may tarixində Gəncə futbolunun unudulmaz simaları ilə Patriot News.az saytının rəhbəri Ceyhun Əliyev arasında baş tutan görüş, bir çox qaranlıq məsələləri yenidən gündəmə gətirdi. Görüşdə Gəncə futbol veteranları cəmiyyətinin sədri Tofiq Məmmədov, sədr müavini Firuz Qulami, SSRİ idman ustası Vidadi Rzayev və Emin Mustafayev iştirak edərək, Kəpəzin bu günkü vəziyyətinə dair dərin narahatlıqlarını dilə gətirdilər.
Veteranlar, Kəpəz klubunun İdarə Heyətinin sədri Namiq Qədirovla keçirdikləri əvvəlki görüşləri xatırlayaraq, klubun gələcəyinə inamlarını qorumağa çalışdıqlarını bildirdilər. Lakin son təyinatlar onların ümidlərini alt-üst etdi. Klubun keçmiş idarə heyətinin sədri İlqar Nadirinin icraçı direktor vəzifəsinə, icraçı direktor Cabir İbrahimovun isə Məşq Mərkəzinin rəhbəri postuna təyin olunması veteranlar arasında dərin narazılığa səbəb oldu.
Veteranlar bu təyinatları açıq şəkildə tənqid edərək, özünü klubda doğrultmayan şəxslərin yenidən yüksək vəzifələrə gətirilməsini Kəpəzin gələcəyi üçün ciddi bir təhlükə kimi dəyərləndirdilər. Onların sözlərinə görə, uzun illər kluba xidmət edən, futbolun acısını-şirinini dadan insanlar bu cür qərarları anlamaqda çətinlik çəkir. “Bu gün biz bir daha şahid oluruq ki, Kəpəz klubunda şəxsi maraqlar ictimai mənafedən üstün tutulur. Klubumuzda problemlər illərdir həllini tapmır, eyni simalar, eyni yanlışlar davam edir. Bu, bizi dərin ümidsizliyə sürükləyir,” – deyə veteranlar görüşdə vurğuladılar.
Veteranlar həmçinin görüş zamanı İdarə Heyətinin sədri Namiq Qədirovla növbəti görüşün keçirilməsinə ümid etdiklərini bildirdilər. Onlar ümid edirlər ki, bu görüşdə veteranların səsləndirdiyi narahatlıqlar nəzərə alınacaq və klubun idarəçiliyində daha ciddi dəyişikliklər ediləcəkdir. Veteranlar İdarə Heyətinin tərkibində iki veteran futbolçunun təmsil olunmasını istəyirlər. Onların fikrincə, bu addım Kəpəzin idarəçiliyində daha çox peşəkarlıq və səmimiyyət yaradacaq, klubun inkişafına, gənc futbolçuların yetişdirilməsinə və azarkeşlərin inamının bərpasına xidmət edəcəkdir.
Əslində, bu sözlər sadəcə bir etiraz deyil – bu, bir nəsilin fəryadıdır. Onlar Kəpəzin təkcə bir futbol klubu olmadığını, bu adın Gəncənin, onun tarixinin, futbol sevgisinin və ləyaqətinin simvolu olduğunu xatırladırlar. Klub rəhbərliyində dəyişikliklərin formal yox, məzmunca olmasını, futbolun inkişafı naminə yeni nəfəs gətirəcək, səriştəli və məsuliyyətli şəxslərin önə çəkilməsini tələb edirlər.
Əgər bu çağırışlar yenə də qulaqardına vurularsa, Kəpəzin gələcəyi həqiqətən də qaranlıq olacaq. Çünki bu gün verilən səhv qərarlar sabah klubun parçalanmasına, azarkeşlərin inamsızlığına və Gəncə futbolunun daha bir mərhələdə durğunluğa sürüklənməsinə gətirib çıxara bilər.
Görüşün sonunda veteranlar bir daha vurğuladılar: “Əgər Kəpəz klubu bu yoldan dönməzsə, biz futbolsevərlər və veteranlar olaraq, bu tarixi klubun başına gələn faciələrin sadəcə müşahidəçiləri olmağa məhkum qalacağıq.”
Ceyhun Əliyev