Azərbaycanda nə qədər qadın din xadimi var? - RƏSMİ
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan statistik göstəricilərə görə 2024-cü ildə ölkədə dini qurumlarda və bu sahədə çalışan kadrların gender bölgüsünə dair ciddi fərqlə müşahidə olunur.
Komitə əməkdaşları üzrə kişi və qadınların iştirakçılığı
Komitənin strukturunda çalışan əməkdaşlar arasında kişilərin sayı 126 nəfər, qadınların sayı isə 39 nəfərdir. Bu isə ümumilikdə 165 nəfərlik heyətin təxminən 76,4%-nin kişi, 23,6%-nin isə qadın olduğunu göstərir. Bu nisbət, sözügedən dövlət idarəetmə strukturunda qadınların hələ də azlıq təşkil etdiyini göstərən tendensiyanı təsdiqləyir.
Rəhbər vəzifələrdə gender balansı
Komitədən verilən məlumata görə rəhbər vəzifə tutan şəxslərin cəmi 41 nəfər olduğu qeyd olunur. Onlardan 36-sı kişi, 5-i isə qadındır. Bu isə rəhbərlikdə qadınların payının sadəcə 12,2% olduğunu göstərir. Qadınların mövqeyi idarəedici sahədə də zəif təmsil olunduğunu görmək mümkündür.
Dini icma sədrləri üzrə kişi və qadınların statistikası
Daha da maraqlı nəticələr dini icma sədrləri arasında müşahidə olunur. Burada ümumilikdə 995 nəfərdən yalnız 18-i qadın, 977-si isə kişidir. Bu göstərici dini icmaların rəhbərliyində qadınların təmsil olunmasının çox aşağı səviyyədə – təxminən 1,8% olduğunu göstərir. Qeyd edək ki, bu şəxslər icmanın təşkil edilməsi, ibadət məkanlarının idarəsi, dini təlimatlar verilmesi, icma üzvləri arasında əlaqələrin təmin edilməsi və icmanın digər məsuliyyətlərinin icrası kimi işlərlə məşğuldur.
Dini xadimlər üzrə qadınların göstəriciləri
Ən kəskin gender fərqi dini xadimlər arasında nəzərə çarpır. 1438 kişi dini xadimin qarşısında yalnız 52 qadın dini xadim var. Bu isə qadınların dini xidmətlər sahəsindəki iştirakının cəmi 3,5% civarında olduğunu ortaya qoyur. Qeyd edək ki, din xadimlərinin əsas işi bir dinin qayda-qanunlarını, təlimlərini, dini mərasimləri təşkil edən və təbliğ edən şəxsdir. İslam dinində "din xadimi" anlayışı üləma (din alimləri), imamlar, şeyxlər, axundlar və mollalar vasitəsilə təmsil olunur, şəriəti öyrədir, Quranı təfsir edir, cümə namazlarını və dini mərasimləri icra edir. Dini xadimlər, dini təhsil almış və dini məsuliyyətləri icra etməyə hazırlanan insanlardır.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı rəsmi məlumatlara əsasən şəriətə görə qadın imam və imam müavini ola bilməz. Qadınlara yalnız dini ain icrası kimi fəaliyyət göstərə bilərlər.