“Fransa sülhdə maraqlıdırsa, bu kimi açıqlamalara son qoymalıdır”
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın “İctimai radiosuna” müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar barədə bildirib.
XİN sözçüsü qeyd edib ki, Fransa səfirinin açıqlamaları təmsil etdiyi ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edir.
“Səfirin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsinin qarşısının alınması istiqamətində Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən tədbir görülməməsi, ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir.
Xüsusilə qeyd edək ki, sülh müqaviləsinin Almatı bəyannaməsinin prinsiplərinə söykənməsi zərurətinə istinad edən Fransa səfirinin Ermənistanın bu bəyannaməyə irəli sürdüyü qeyd-şərtində Azərbaycan ərazilərinə qarşı hələ də davam edən iddialarını, Azərbaycan ərazilərini işğal etdiyini unutdurmağa çalışması qəbuledilməzdir.
Bununla yanaşı, 33 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılmış Qazaxın dörd kəndinin qaytarılmasına Azərbaycan tərəfindən qarşılıq verilməsinin vacib olduğu barədə səslənmiş əsassız fikir Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə göstərdiyi hörmətsizliyin bariz nümunəsidir.
Fransa tərəfi əgər sülh və sabitlikdə maraqlıdırsa, bu kimi absurd yanaşmalara və açıqlamalara son qoymalıdır”, - A. Hacızadə əlavə edib.