Gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, onların milli dəyərlərə və dövlətçilik ənənələrinə bağlılığını artırmaq məqsədilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən Şirvan şəhərində “Gəncliyin Vətən Yolu” adlı konfrans keçirilib. Üç ay davam edən layihənin rəhbəri Nəsimi Həsənov olub.
Bu konfrans, iştirakçılara milli kimlik, dövlətçilik prinsipləri və vətən sevgisinin gənc nəsil üçün nə qədər vacib olduğunu anlatmaq üçün təşkil edilib. Tədbirin əsas məqsədlərindən biri, gənclərin vətənə xidmətdə yalnız hərbi xidmətlə məhdudlaşmadığını, təhsil, elm, mədəniyyət və sosial fəaliyyətlər vasitəsilə də dövlətin inkişafına töhfə verə biləcəklərini göstərmək olub.
Şirvanda keçirilən bu konfransın əsas hədəfi gənclərin vətənpərvərlik ruhunu yüksəltmək, onların milli dəyərlərə daha dərin bağlılığını təmin etmək və ölkənin inkişafına fəal töhfə verməyə həvəsləndirmək idi. Konfransda gənclərə vətənpərvərlik anlayışının mahiyyəti, onun gündəlik həyatda əks olunma formaları və müasir dövrdə gənclərin üzərinə düşən vəzifələr izah edilib.
Tədbirdə vətənə sevginin və vətənpərvərliyin formalaşması, müasir dövrdə dövlətçiliyin rolu, gənclərin təhsil və elm vasitəsilə vətənə xidməti, Qarabağ Zəfəri və Azərbaycanın gələcəyi, vətənpərvərliyin gündəlik həyatda təzahürü kimi mövzular geniş müzakirə olunub.
Konfrans zamanı iştirakçılar vətənpərvərliyin sadəcə duyğu olmadığını, hər bir gəncin ölkənin inkişafında aktiv rol oynamasının vacibliyini daha dərindən anladılar. Müzakirələr gənclərin dünya görüşünün genişlənməsinə, onların milli irs və dəyərlərə daha böyük önəm verməsinə təkan verdi.
Tədbirdən sonra aparılan sorğular göstərdi ki, konfrans gənclərin həyatına müxtəlif istiqamətlərdə müsbət təsir göstərib.
Layihənin uğurla həyata keçirilməsi gələcəkdə bu tip tədbirlərin daha geniş miqyasda keçirilməsini aktuallaşdırıb. “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi gələcəkdə bir sıra istiqamətlərdə tədbirlərin təşkilini nəzərdə tutur.
Bu layihə sübut etdi ki, Azərbaycan gəncləri vətənə xidmət etməyə və dövlətçilik dəyərlərini qorumağa hazırdırlar. Şirvanda keçirilən “Gəncliyin Vətən Yolu” konfransı da bu istiqamətdə atılan əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.