Gəncədə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə regional müşavirə keçirilib
Gəncədə “Yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda regional müşavirə keçirilib. Regional müşavirədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət general-mayoru Aqşin Kazımov və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, həmçinin Gəncə şəhəri və ətraf rayonların yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.
Patriot News.az xəbər verir ki, müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə, əkin sahələrində mümkün yanğınların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub.
Müşavirədə Qərb bölgəsindəki meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, xüsusilə qarşıdan gələn yay fəslində mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə geniş məlumat verilib. Həmçinin, ərazilərdə aparılan monitorinqlər zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunmuş çatışmazlıqlar və onların aradan qaldırılması yolları barədə danışılıb. Milli sərvətimiz olan meşələrin qorunması üçün hər kəsin təhlükəsizlik qaydalarına riayət etməsinin, o cümlədən müvafiq vəzifəli şəxslərin üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, meşə və meşəətrafı ərazilərdə yanğın hallarının baş verməməsi üçün yaxınlıqda yaşayan kənd sakinlərinin, sahibkarların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri mühüm əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməməsi, texnikaların hərəkət hissələrinin və detallarının dağılması və biçilmiş sahələrin yandırılması ciddi fəsadlara səbəb olur.
Müşavirədə yaranan suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
@Patriot News. az