Son 59 ilin rekordu: Bakıya 15 saat ərzində yağan yağış...
Hazırda yağıntıların davam etdiyini nəzərə alsaq, onun miqdarının artacağı da gözləniləndir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasına 15 saat ərzində 57 mm yağıntı düşüb:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 100 illik hidrometeoroloji statistik məlumatların təhlili göstərir ki, Bakıda və Abşeron yarımadasında ən güclü yağış 1966-cı ilin 23 aprel tarixində müşahidə edilib. Həmin gün 73.3 mm yağıntı düşüb, bu da aylıq normanın 317 faizini təşkil edib.
Bu il aprel ayının 16-da gecə saatlarından başlayaraq 15 saat ərzində düşən yağıntının miqdarı 57 mm olub ki, bu da, adətən, ay ərzində düşən yağıntının miqdarından iki dəfə (217%) çoxdur. Beləliklə, bu hal son 59 ilin rekord göstəricisidir".
O, digər ölkələrdə də analoji hava şəraitinin tez-tez müşahidə edildiyini vurğulayıb:
"İqlim dəyişmələrini nəzərə alsaq, bu cür gözlənilməz yağıntı hallarının olması normaldır. Tək Azərbaycanda deyil, digər ölkələrdə də bu cür hadisələr tez-tez müşahidə olunur. Buna nümunə olaraq Rusiyanın cənubunu, Türkiyə və İspaniya kimi ölkələri də misal çəkə bilərik".(Oxu.az)